Saymon Stil: COP29 maliyyə üzrə qlobal məqsədlər razılaşdırılmadan bağlanmamalıdır

14:49 12 Noyabr 2024

Əvvəllər iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin əsasən gələcək nəsillərin xilas edilməsinə yönəldiyini deyirdilər. Lakin indi qlobal iqlim böhranında mühüm dəyişiklik baş verib.

Sitat.info xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılışında bildirib.

"İqlim böhranı sürətlə iqtisadiyyatların "qatilinə" çevrilir. Məhz indi, bu gün, bu siyasi dövrdə. İqlim dəyişikliyinin nəticələri bir çox ölkələrin ÜDM-nin 5%-ə qədər azalmasına səbəb olur. İqlim böhranı həyatın dəyərinin böhranıdır. Çünki iqlim fəlakətləri müəssisələrin və ev təsərrüfatlarının xərclərinin artmasına səbəb olur", - S.Stil vurğulayıb.

Onun sözlərinə görə, bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə daha cəsarətli addımlar atmazsa, iqlim dəyişikliyinin artan təsirləri inflyasiyanın kəskin artımına səbəb olacaq: “İqlim maliyyələşdirməsi inflyasiyaya qarşı qlobal sığortadır. Həddindən artıq iqlim xərcləri isə əsas düşmən olmalıdır”.

S.Stil hesab edir ki, söhbət təkcə iqtisadiyyatın və əhalinin xilas edilməsindən getmir: “İqlim dəyişikliyi ilə mübarizədə cəsarətli addımlar iqtisadi imkanlar və bolluq yarada bilər. Ucuz və təmiz enerji iqtisadiyyatın təməlinə çevrilə bilər və nəticədə daha çox iş yeri, daha çox artım, daha sağlam vətəndaşlar və çiçəklənən müəssisələr yaranar”.

"Milyardlarla insan hökumətlərinin iqlim maliyyəsi üzrə qlobal məqsədlər razılaşdırılmadan COP29-u tərk etməsinə icazə verə bilməzlər. Ona görə də burada olan liderlərə müraciətim budur: iddialı nəticələr gözlədiyinizi aydın şəkildə bildirin. Danışıqçılarınıza tapşırıq verin: niyyət nümayiş etdirməyi dayandırın - birbaşa ortaq nöqtə axtarışına keçin. İndi çətin zamanlardır, lakin ümidsizlik strategiya deyil və yersizdir. Nəticədə, beynəlxalq əməkdaşlıq bəşəriyyətin qlobal istiləşmədən xilas olmasının yeganə yoludur", - o bildirib.“Report” 



Xəbər xətti