Yaxın Şərqdə diqqətçəkən olaylar: İran və Rusiya Yaxın Şərqdən çıxır?

17:34 6 Dekabr 2024

"Dünən axşam Hama şəhəri HTŞ-nin əlinə keçdikdən sonra Suriya ordusu Hums şəhəri girişində müdafiə səddi qurmağa çalışdı, ancaq yenə də bacarmadı. Səhər Rastan rayonu, ardınca isə ətraf qəsəbələri ələ keçirən silahlılar hazırda Humsu mühasirəyə alıblar. Humsun ələ keçməsi artıq  zaman məsələsidir.

Hazırda hökumətə bağlı qüvvələr Dəməşq şəhəri girişində barrikadalar qurur. Çünki Humsdan sonra Dəməşqə qədər 15-16 kilometr məsafədə böyük yaşayış məntəqəsi yoxdur".

Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Rövşənoğlu deyib. 

O bildirib ki, üç diqqətçəkən hadisə baş verib: "Bu gün səhər erkən İsrail Livandan Humsa gedən yolun üzərində yerləşən Quseyr şəhərini bombalayıb. Güman ki, Hizbullah qüvvələri gəlməyə hazırlaşırmış. İkincisi, səhər saatlarında Suriya ordusu Deyir əz-Zor şəhəri aerodromunu kürdlərə verib geri çəkilib, günorta isə İŞİD eyni vilayətin bir neçə yaşayış məntəqəsinə hücum edib. Xeyr az-Zor İranın İraq ərazisindən Suriya və Livana keçid yolu idi. Üçüncüsü, gözlənilmədən İordaniya sərhədində silahlı qruplar hökumət qüvvələrinə hücum edib, artıq Dərs və İsraillə sərhəddə Kuneytra vilayətində bəzi qəsəbələrin müxalif qüvvələrin nəzarətinə keçdiyi xəbərləri yayılıb".

Siyasi şərhçinin fikrincə, bu 3 hadisə göstərir ki, İdlib qüvvələrinin hücumu planlı, yaxşı hazırlanmış əməliyyatdır: "Suriyanın bütün mümkün nöqtələrində silahlı qruplar hərəkətə keçib. Suriya Yaxın Şərqin "zəif bəndi" idi, Qəzza müharibəsi göstərdi ki, Suriyada Bəşər Əsəd qaldıqca İranın təsirini qırmaq mümkün olmayacaq. Ona görə də zəif bənddən başladılar. Amma bir məsələ var ki, Suriya əgər tezliklə çökərsə onun "dağıntıları altında" bütün region qala bilər".

Fatimə Zeynal,

Sitat.info



Xəbər xətti