Bu halda vətəndaş pensiya istədiyi yaşda çıxa bilər - TƏHLİL

15:25 18 Dekabr 2024

Azərbaycanda pensiya yaşı mövzusu cəmiyyətdə geniş müzakirə edilən məsələlərdən biridir. İnsanların istədikləri yaşda pensiyaya çıxa bilməməsi mövcud sosial müdafiə sistemi və demoqrafik amillərlə bağlıdır. Bir çox ölkələrdə, xüsusilə inkişaf etmiş dövlətlərdə, erkən və ya fərqli şərtlərlə pensiyaya çıxma imkanı özəl pensiya fondları və çevik sosial təminat modelləri ilə dəstəklənir. Azərbaycanda da bu cür fondların yaradılması məsələləri gündəmdədir.

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirov  bildirib ki, bunun özəl pensiya fondlarına ehtiyac var: "Özəl pensiya fondları olacağı təqdirdə, insanlar onlarla qarşılıqlı əməkdaşlıq müqaviləsi şərtlərinə əsasən mövcud pensiya yaşından daha əvvəl pensiyaya çıxa bilərlər. Yəni, bu sadəcə müqavilə tərəfləri-  Fond və vətəndaşın qarşılıqlı anlaşması şəklində mümkün ola bilər. Azərbaycana gəldikdə isə, burada özəl pensiya fondu yaradıla bilər. Fondun uğurlu şəkildə fəaliyyət göstərməsi və insanların etimadını qazanması uzun zaman alacaq". 

Ekspertin sözlərinə görə, bu tip fondlar adətən inkişaf etmiş ölkələrdə mövcuddur: "Fondun yaradılması ölkənin iqtisadiyyatından asılıdır. Bir ölkədə iqtisadi vəziyyət o həddə olmalıdır ki, orada insanlar pensiya fondlarına vəsait yatırsın. Təsəvvür edin, bir insan öz vəsaitini pensiya fonduna yatırırsa, o vəsait hər il indeksasiya olunmalıdır. Əlavə olaraq da, üzərinə müəyyən faiz gəlməlidir. Əks halda, vətəndaş öz vəsaitini evində saxlayar, başqa yerə verməz.  Bu sadə proses deyil, bunun hüquqi tərəfini hazırlamaq, tənzimləmək olar. Amma əsas və ciddi tərəfi Fonda yığılmış vəsaitlərin düzgün idarə olunması məsələsidir. Bu elə idarə olunmalıdır ki, Fonda yığılmış vəsait illər keçdikcə gəlir gətirsin və 20-25 il sonra insanların pulu artıqlaması ilə qaytarılsın."


Türkanə Muradlı
Sitat.info



Xəbər xətti