ABŞ-ın paytaxtı Vaşinqton ətrafında və orta Atlantik bölgəsində yağan güclü qar yüzlərlə qəzaya və uçuşların ləğvinə səbəb olub.
Sitat.info axar.az-a istinadən xəbər verir ki, qarın hündürlüyü 13 santimetrə kimi çatıb. Sinoptiklər bunu son iki ilin ən güclü qarı kimi qeydə alıblar. Hava durumu ilə əlaqədar Vaşinqtonda federal hökumət dairələri, o cümlədən məktəblər bağlanıb. Bu bağlanma yalnız 2024-cü il prezident seçkilərinin nəticələrinin sertifikatlaşdırılmasının keçirildiyi Konqresin işinə təsir etməyib.
Həftə sonu ABŞ-ın mərkəzində baş vermiş güclü qasırğa səbəbindən Missuridən Virciniyaya qədər 310 mindən çox abonent elektrik enerjisiz qalıb. Bazar günü bölgədə baş verən qəzalar nəticəsində 3 nəfər həyatını itirib.
Bazar ertəsi səhər saat 7-dən etibarən (Bakı vaxtilə saat 16:00) 1300-dən çox daxili və xarici uçuş ləğv edilib. Ötən gün baş vermiş qasırğa səbəbindən ləğv olunmuş uçuşların sayı 1800-dən çox olub.