Azərbaycan üçün yeni təhdidlər: Ermənistan hərbi sahədə ABŞ resurslarından istifadə edərsə...

13:58 15 Yanvar 2025

"İkinci Qarabağ savaşından məğlub çıxan, kapitulyasiyaya imza atan Ermənistan ABŞ-la strateji anlaşma əldə edib. Maraqlı və təhlükəli proseslər gedir.

Ermənistan Avropa İttifaqına daxil olmağa start verməyinin ardınca daha bir müttəfiqlik əldə edib. Ötən gün Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, strateji tərəfdaşlıq haqqında Xartiyanı imzalayıblar.

Düşünürəm ki, müharibədən məğlub çıxan Ermınistanın qısa bir zamanda ABŞ kimi bir ölkə ilə strateji tərəfdaşlığa imza atması ağlasığmazdır. Görünür ki erməni lobbisi yenə öz sözünü deyir".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. 

Onun sözlərinə görə, görünən odur ki Ermənistan tam sürətlə Rusiyadan qırılmaq , Avropa və ABŞ-a inteqrasiya yolunu tutub və artıq bunun real nəticələri var: "Ağlasığmazdır ki, indi Ermənistan sərhədlərini NATO hərbçiləri qoruyacaq. Sərhədlərində monitorinqi Avropalılar aparır. Onların da arxasında Rusiyanın hərbi bazası var. Qəribə proseslər gedir Ermənistanda".

Ekspert qeyd edir ki,  ABŞ və NATO -nun Ermənistana texnologiyalar, hərbi, kəşfiyyat və peyk texnologiyaları sahəsində dəstəyi regionda vəziyyəti kəskin dəyişə bilər: "Bu artıq Hindistanın hansısa köhnəlmiş hərbi resursları deyil.

Fikrimcə texnologiyalar sahəsinda, hərbi-texniki və peyk texnologiyaları sahəsində milli maraqlarımız üçün tam yeni təhdidlər yaranacaq. Bu, təkcə hərbi sahədə deyil. MDB-də heç kimin NVİDİA həndəvərinə düşə bilmədiyi bir zamanda Ermənistan ikinci superkompüter mərkəzi açmağa hazırlaşır.

Strateji tərəfdaşlıq güman ki, Ermənistanın start vəziyyətini hədsiz gücləndirəcək. Əgər Ermənistan hərbi-texnoloji sahədə ABŞ resurslarından da real istifadə imkanı əldə etsə regionda böyük risklər qaçılmaz olacaq.

Şübhəsiz ki yeni imkanlar, texnologiyalar, hərbi-texniki resurslar əldə edən Ermənistanın revanş götürmək istəyi artacaq".

O. Gündüz mühüm sualları gündəmə gətirib: "Azərbaycanın addımları necə olmalıdır? Tramp bu sazişi dəstəkləsə, strateji partnyor olaraq regionda Ermənistanı seçsə regionda nələr baş verəcək? Düşünürəm ki Azərbaycan Ermənistanın başladığı bu yeni strateji xəttlə bağlı səfərbər olmalıdır. Ermənistanın daha da güclənməsindən, bu anlaşmalar işə düşməzdən öncə addımlar atılmalıdır. Avropa ilə, Qərblə problemləri tez bir zamanda həll etmək lazımdır. Yeni yaranmış situasiyaya uyğun çevik addımlar atılmalıdır".

Aytac,

Sitat.info 



Xəbər xətti