İran sərhədinə ABŞ hərbi kontingenti yerləşəcək: Tehran İrəvan qarşısında niyə səssiz qalıb?

14:44 16 Yanvar 2025

"Amerika Birləşmiş Ştatları və Ermənistan arasında strateji müttəfiqlik haqqında müqavilə imzalandı. Bu müqaviləni ermənilərin növbəti hiyləgər gedişi kimi dəyərləndirmək olar".

Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. 

Onun sözlərinə görə, Ermənistan artıq xarici siyasətində ABŞ-nin maraqlarını əsas tutacaq:  "Məsələ burasındadır ki, Ermənistan məhdud sayda hərbi kontingenti ilə Rusiya hərbi bazasına dəstək verməklə, əslində Suriyada yaşayan ermənilərlə əlaqələrini, eləcə də bu ölkədə Rusiyada ilə birlikdə mövcudluğunu təmin etmişdi. Lakin, Suriyada hakimiyyət dəyişikliyi baş verdi, Rusiya və İran faktiki olaraq xaric edilib, Ermənistanın Suriyada bu formada Rusiya ilə mövcudluğu, həm də İrana müəyyən qədər dəstək kimi qəbul edilə bilər. Amma, artıq bu mövqelər itirilib, ona görə də ermənilər başqa bir yoldan gediş etdi. ABŞ-nin hərbi kontingenti hələ Suriyadadır. Ermənistan Suriyadakı siyasətini kökündən dəyişmiş oldu, bununla guya ABŞ-nin mübarizəsində Suriyada ona dəstək verəcək kimi bir mövqe sərgilənməyə başladı. Bununla da, Ermənistan əvvəl Rusiya və İran ilə birlikdə idisə, bundan sonra Amerikanın maraqlarına xidmət etməyi hədəfləyən bir siyasət yürütməyə başladı".

Millət vəkili qeyd etdi ki, bu müqavilə nəticəsində Ermənistanın Rusiya və İranla əlaqələri zədələnəcək: "Suriyada ermənilərin kontingenti mövcuddur, Ermənistan həm onlarla əlaqələrini qoruyub saxlamaq, həm də öz mövcudluğunu təmin etmək üçün bu addımı atdı. Bu vaxta qədər Amerikanın yanında olmayıb, Rusiya və İran oradakı cəbhələrini itirdikdən sonra Amerika ilə bu müqaviləni imzalamaqla Suriyada mövcudluğunu bərpa etməyi hədəfləyir. Təbii ki, buna İran və Rusiya tərəfindən mövqe sərgilənməsi gözlənilirdi.  Rusiya rəsmiləri tərəfindən Ermənistanın həm KTMT-də, həm də Avrasiya İttifaqında qalmasının indi yürütdüyü siyasətə zidd olduğu ilə bağlı fikirlər bildirilir"

A.Əlizadə İranın reaksiya verməyəcəyi ehtimalını da dəyərləndirib: "İran burada öz maraqlarına görə səssizliyini qoruya bilər. İran dövləti tərəfindən hələ ki, bu məsələ ilə bağlı reaksiya yoxdur, amma hansısa bir mövqe sərgiləməsi gözləniləndir. ABŞ ilə bağlanan müqaviləyə əsasən Ermənistan-İran sərhəddinə nəzarət məqsədi ilə ABŞ-nin hərbi kontingenti yerləşdiriləcək və İranın buna necə reaksiya verəcəyi maraqlıdır. Normalda, çox sərt reaksiya gözlənilir. Çünki Ermənistan atdığı bu addımlarla  İranın bilavasitə sərhəddində ABŞ-nin  mövcudluğuna şərait yaradır. Amma, çox maraqlıdır ki, hələ də ciddi reaksiya yoxdur, bəlkə də olmayacaq. Çünki, İran Ermənistandan öz maraqları naminə bir maşa kimi istifadə etməyə öyrəşib və görünür hansısa pərdəarxası məsələlərdə razılaşmalar, uzlaşmalar olacaq". 

Türkanə Muradlı
Sitat.info



Xəbər xətti