"Donald Tramp aktiv siyasi mövqeyi ilə diqqət mərkəzindədir. Onun çıxışları beynəlxalq arenada böyük rezonans doğurub. Tramp, eyni zamanda, iqtisadi qərarları ilə müttəfiq ölkələrdə müzakirələrə səbəb olub".
Bu sözləri Sitat.info -ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu Trampın ikinci prezidentlik dövrü və atdığı addımlarla bağlı danışarkən deyib.
"Tramp emosional-impossible lider obrazı formalaşdırıb.Amma prezidentlik dövründə verdiyi bəyanatlar da bunu bir daha sübut etdi ki, Tramp hər dediyini həyata keçirə bilməz. Məsələn mühacirlərlə bağlı qəbul etdiyi qərarla bağlı Amerikanın 22 ştatından məhkəməyə müraciət olunub. Eləcə də, dünən Amerika Konstitusiya Məhkəməsinin nümayəndəsi çıxışında dedi ki, xalqın seçdiyi prezident istədiyi qərarı verə bilsə də, bu qərar Konstitusiya Məhkəməsinə zidd ola bilməz. Buna görə də, çox güman ki, məhkəmə Trampın qərarlarının icrasına icazə verməyəcək".
Partiya sədri Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sərt mövqe ortaya qoyduğunu bildirdi və sülh müqaviləsi bağlanmasa, bu Rusiya üçün fəlakət ola bilər: "Respublikaçılar ənənəvi olaraq həmişə Amerikanın güclənməsini hər şeydən- demokratiya və insan hüquqlarından da üstün tutur. İndiki halda Trampın əsas hədəflərindən biri Ukrayna və Rusiya arasında sülh müqaviləsinə nail olmaqdır. Bununla bağlı, Tramp çox ciddi mövqe ortaya qoydu. Əgər Putin əvvəlki kimi şıltaqlıq edərsə, Ukraynanın müstəqilliyi ilə bağlı əlavə şərtlər qoyarsa, Tramp Rusiyaya və onunla əməkdaşlıq edən bütün ölkələrə öldürücü sanksiyalar tətbiq edəcəyini bildirdi. Bu onsuz da ağır sanksiyalar altında olan Rusiyanı öldürücü vəziyyətə gətirib çıxaracaq".
S.Cəlaloğlu vurğuladı ki, Tramp üçün ikinci məsələ İranın nüvə silahı hazırlaması, yaxın Şərqdə destruktiv rol oynaması ilə bağlıdır: "Hələlik, İrana qarşı hər hansı bir addım atacağı ilə bağlı məlumat olmasa da, düşünürəm ki, hər halda bu sahədə müəyyən addımlar atılacaq. Bundan başqa, Amerika prezidentinin süni intellekti dəstəkləməsini çox normal qarşıladı. Trampın süni intellektə etdiyi yatırımla bağlı qeyri-adi heç nə yoxdur. Bu gün dünyada bütün ölkələr kompüterləşmə və süni intellektə həddən artıq yer ayırır, çünki, gələcək buna əsaslanır. Hələ, Azərbaycan kimi kiçik ölkələrdə süni intellekt ilə bağlı ciddi addımlar atılır".
S.Cəlaloğlu əlavə etdi ki, rüsumların artırılması zəncirvari şəkildə Amerikanın öz əleyhinə işləyəcək: "Məsələn, Kanadanın baş naziri bildirdi ki, Amerikanın bizə rüsum artıracağı təqdirdə, biz də artıracağıq. Faktiki olaraq, bu bütünlükdə məhsulların qiymətinin bahalaşmasına, nəqliyyat xərclərinin artmasına gətirib çıxaracaq. Düşünürəm ki, Tramp bundan sonra daha ağıllı qərarlar verəcək. Hər halda Bayden hakimiyyətində həddindən artıq süründürməçilik, qətiyyətsizlik nümayiş etdirirdi, amma, Tramp kifayət qədər aktivdir, dünyada baş verən proseslərə qarşı sayıq gözlə baxmaq imkanına malikdir. Arzu edək ki, Trampın ikinci prezidentlik dövrü dünyada əmin-amanlığa, sabitliyə gətirib çıxaracaq."
Türkanə Muradlı
Sitat.info