"Azərbaycan 2024-cü ildə 23 mln. 596 min ton, yəni, 172 mln. 958 min barrel neft satıb. Bu satışdan ölkəyə 14 mlrd. 437 mln. dollar vəsait daxil olub. Ümumiyyətlə, 2024-cü ildə ixracımızın 88%-ə yaxınını neft-qaz təşkil edib. Tramp və komandası deyir ki, Rusiyanı güzəştlərə məcbur etmək üçün neftin qiymətini salacaqlar – bəri başdan deyim ki, buna imkanları və gücləri var. Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi general Keith Kellogg deyir ki, neft 45 dollar olsa yaxşı olar.
Əlbəttə ki, neft sabah, hətta yaxın aylarda 45 dollar olmayacaq, amma, bir müddət sonra neftin qiymətinin nəzərəçarpacaq enməsinin şahidi olacağıq. Azərbaycan buna hazırdırmı? Təbii ki, yox, hazır deyilik, neftdən asılılığımız çox kəskindir".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, neftin 25-30 faiz ucuzlaşması Azərbaycana ciddi çətinlik yaradacaq: "Yaxşı, neft indi 80 dollar civarındadır, Azərbaycanda hasilat da düşür, amma, tutalım, hasılat elə 2024-cü il səviyyəsində qalsa, eyni həcmdə neft ixrac etməyə davam etsək, qiymətin, çox demirəm, elə 60 dollar düşməsi hansı mənzərə yaradacaq?! Gəlin bir yerdə hesablayaq.
2024-də 172 mln. 958 min barrel xam neft satmışıq, ortalama qiymət keçən il hər barrelə 83 dollar olub. 2025-də ortalama qiymət 60 dollar olsa, ölkəyə daxil olan neft gəlirləri 4 mlrd. dollar azalacaq. Amma, bu da son deyil – neft şirkətləri büdcəyə ildə 3-4 mlrd. manat müxtəlif vergi ödəyirlər ki, bunlardan ən vacibi gəlir vergisidir. Əgər onların gəlirləri azalacaqsa (qiymət düşəndə azalacaq), deməli onların büdcəyə ödənişləri də az olacaq. Onu da deyim ki, 2025-də büdcə 70 dollardan hesablanıb, orta qiymət 60 dollar olsa, neft şirkətlərinin büdcə ödənişləri 450-500 mln. manat azalacaq.
Əgər orta zaman kəsimində (tutalım, 1-2 ilə) neftin qiyməti, doğrudan da 45 dollara düşsə, bizim neftən gələn gəlirlərimiz 2024-cü ilə nisbətən, hasilat azalmayacağı təqdirdə 6 mlrd. 570 mln. dollar azalacaq".
İqtisadçı bildirib ki, vəziyyət qəlizləəşəcək və hökumət buna hazır olmalıdır: "Cərimələrlə, kommunal xidmətlərin, nəqliyyatın qiyməti artırmaqla bu iş olmayacaq. Bizə əlavə dəyər yaradan yeni iqtisadi model lazımdır. Bunun üçün ilk addım isə idarəetmə modelinin kökündən və yenidən qurulması olmalıdır. Yeni Konstitutsiya, yeni vergi-gömrük məcəlləsi, dövlər xərclərinin kəskin azaldılması, azad biznes mühiti və ədalətli məhkəmə sistemi olmalıdır. Başqa yol, sadəcə, yoxdur...".
Məğrur,
Sitat.info