Politoloq Ərəstun Oruclu ABŞ-ın yeni prezidenti Donald Trampın hakimiyyətinin ilk günlərində verdiyi qərarları paylaşaraq, onun dünyada xaosa səbəb olacağını yazıb.
Sitat.info həmin şərhi təqdim edir:
"Azərbaycanda da bir xeyli insanın rəğbət bəslədiyi Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətinin 6-cı gününü arxada qoydu. Bu müddətdə o, hələlik aşağıdakı addımları atıb:
1. Zorlamada, pul mənimsəməkdə ittiham olunan, alkoqolik, mayor rütbəsi olan keçmiş milli qvardiya hərbçisi Pit Heqseti dünyanın ən böyük qurumu və büdcəsi olan Pentaqonun başçısı təyin etdi;
2. Meksika körfəzinin adını dəyişərək onun Amerika körfəzi adlandırılması barədə sərəncam imzaladı;
3. Danimarkanın baş naziri ilə telefonla danışaraq Qrenlandiya adasının ABŞ-a verilməsini tələb etdi;
4. Öz təbirincə desək, dəniz sahilində yerləşən və cəlbedici məkan olan Qəzza zolağının sakinlərinin Misirə və İordaniyaya köçürülməsini bu dövlətlərin başçılarından istədi;
5. ABŞ vergilər nazirliyi funksiyasını yerinə yetirən IRS-in (Internal Revenue Service) 80 min əməkdaşını ixtisar etdi;
6. ABŞ Konstitusiyasının tələblərinə zidd olaraq ölkə ərazisində doğulmuş qanunsuz miqrantların uşaqlarına ABŞ vətəndaşlığı verilməsinin ləğv edilməsi barədə sərəncam imzaladı;
7. Özü ağılda olan şəriki İlon Maskın vasitəsilə Almaniyanın və Böyük Britaniyanın ifrat sağçı (millətçi) partiyalarına açıq şəkildə siyasi dəstək verdi;
8. Onu tənqid etmiş və dövlətin mühafizəsi altında olan bütün düşmənlərini həmin mühafizədən məhrum etdi və bunlar da hələ hamısı deyil.
Trampın və onun özünə layiq komandasının xaos dünyasına xoş gəldiniz!".
Sitat.info