Tramp-Netanyahu cütlüyünün Yaxın Şərq planları: Bu işğala müqavimət olacaqmı?

15:43 5 Fevral 2025

ABŞ-ın keçmiş prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahunu açıq şəkildə dəstəkləməsi və onu yeni əraziləri nəzarətə almağa həvəsləndirməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər. Bu siyasət Qəzza əhalisinin kütləvi köçürülməsi ehtimalını artırır, çünki İsrailin bölgədə daha genişmiqyaslı hərbi əməliyyatlar keçirmək planları olduğu iddia edilir. Trampın yanaşması İsrailin gələcək addımlarına beynəlxalq reaksiyaları da müəyyən edəcək.

Mövzu ilə bağlı Sitat.info- ya danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Tramp İsrailə dəstək verəcəyini hələ hakimiyyətə gəlməmişdən öncə də bəyan eləmişdi: “İndi də həmin vədini yerinə yetirməyə başlayıb və bütün istiqamətlər üzrə İsrailə dəstək göstərir. Böyük ehtimalla Yaxın Şərqin yenidən dizayn olunması prosesi Tramp adminstrasiyası tərəfindən də davam etdirilə bilər. Yaxın Şərq üçün nəzərdə tutulmuş planların hansı səviyyədə planlaşdırılacağı hələ tam müəyyən deyil. Ancaq bunla belə Qəzza bölgəsində müəyyən addımların atılacağı da Trampın son açıqlamalarından, tutduğu mövqedən müşahidə olunmağa başlayıb. Təbii ki, Tramp adminstrasiyanın mövqeyi İsrailin maraqlarına tamamilə cavab verir".

E.Xalidbəyli hesab edir ki,  Qəzza ilə bağlı yekun situasiyanın necə inkişaf edəcəyi böyük ehtimalla beynəlxalq ictimaiyyətin və ya digər Qərb siyasi dairələrinin verəcəyi reaksiyadan da asılıdır: "Hələlik bu reaksiya o qədər də güclü və ya hadisələrə təsir edəcək səviyyədə deyil. Üstəlik nəzərə alınmalıdır ki, Tramp adminstrasiyası Qərbdə də bəzi ölkələrin və qurumların üzərinə hücumlar edir. Belə bir situasiyada, Trampın Yaxın Şərq və Qəzza zolağı ilə bağlı siyasətinə güclü müqavimət göstərəcəyinə inanmaq çətindir”. 

Aytac Baxış,

Sitat.info 
    



Xəbər xətti