İpoteka və Kredit Zəmanət Fondunun sistemi çöküb?

16:30 6 Fevral 2025

Xəbər verdiyimiz kimi, bu gün saat 10.00-da İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına dövlət ipoteka kreditləri üçün elektron müraciət qəbuluna başlanmalı idi.

Sitat.info xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün verdiyi məlumata görə, qəbulun baş tutmadığı görünür:

thumb.php.jpg (36 KB)

“İştirakçıların xeyli hissəsi prosesin baş tutmadığını bildirirlər. Müzakirələr, şikayətlər hələ də davam edir. Bununla bağlı rəsmi resursun saat 10-da edilən müraciətlərə cavab vermədiyi, seçimin mümkün olmadığı, ümumiyyətlə, müraciətin mümkün olmadığı və sistemin çökdüyü bildirilir. Sonradan daxil olduqda isə limitlərin bitdiyi qeyd edilib. Müraciətlər "Elektron ipoteka və kredit zəmanət “sistemi üzərindən SİMA Token və ya Asan İmza vasitəsilə həyata keçirilir.

İstifadəçilər İpoteka və Kredit Zəmanət Fondunun sosial hesablarında bununla bağlı müzakirələrdəki rəylərinin silinməsindən də şikayətlənirlər. Baş verənlər, əlbəttə təəssüf doğurur.

Dövlət xidmətlərinin reallaşmasında texnologiyaların tətbiqi insan amilinin minimuma endirilməsi, şəffaflıq baxımından effektiv olsa da, bütün bunlar sonda vətəndaş məmnunluğuna gətirib çıxarmalıdır. Əgər bu baş vermirsə, onda demək, hardasa səhvlərə qüsurlara yol verilib.

Düşünürəm ki, Fond baş verənlərlə bağlı ağlabatan açıqlama verməlidir. Problemin haradan qaynaqlandığına(sistemin özü ilə bağlı, daxil olmaqla bağlı, bankların seçimi ilə bağlı və s), insan amili ilə bağlı sui-istifadə risklərinə, kiber hücumla bağlı məsələlərə aydınlıq gətirməlidir. Şəffaflıq, ictimai nəzarət üçün imkanlar yaradılmalıdır”.

Mütəxəssis deyir ki, aidiyyatı dövlət qurumları və müstəqil ekspertlərinin prosesin gedişində iştirakı təmin edilməlidir: “Daxil olan müraciətlərin emal olunması ilə bağlı statistikanı açıqlamaq faydalı olardı. Uğulu olan ilk və son müraciətlərlə bağlı məlumatlar ağlabatan formada açıqlanmalıdır. Sabah saat 10.00-da güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start veriləcək.

Ümid edirəm Fond prosesin gedişinə şəffaf nəzarət imkanlarını gücləndirəvək və müraciətlərin problemsiz qəbulunu reallaşdıra biləcək”.

Nigar,

Sitat.info



Xəbər xətti