ABŞ Rusiyaya qarşı "B planı"na keçə bilər: Moskvaya hücum gözlənilir...

09:01 15 Noyabr 2025

"Rusiyanın Ukraynanın mülki infrastrukturuna qarşı ballistik raketlərlə kütləvi hücumu daha da genişlənir. Görünür,Ukrayna qoşunlarının müqaviməti sayəsində  Rusiya qoşunları ciddi irəliləyiş əldə etmir və bu səbəbdən Putin belə bir kütləvi hücum əmri verib. Amma, qarşılıqlı olaraq Ukrayna Rusiyanın iri şəhərlərində neft emalı zavodlarına və enerji infrastrukturuna "Neptun" və "Flamingo" raketləri ilə güclü zərbələr endirir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib  ki, Rusiyanın ötən gün Kiyevə hücumuna cavab olaraq Ukraynanın Moskvaya hücum etməsi də mümkündür: "ABŞ-Rusiya danışıqları baş tutmur. Çünki, Rusiya öz mövqeyindən və ilkin tələblərindən qismən geri çəkilsə də, Ukraynanın onun nəzarətinə verilməsini tələb edir. Ukraynanın Rusiyanın orbitinə geçməsi isə, Şərqi Avropanın Rusiyanın nəzarətinə keçməsi deməkdir".

Politoloq hesab edir ki, Qərblə Rusiya arasında diplomatik danışıqlar baş tutmadığından hərbi əməliyyatlar intensiv şəkildə davam edəcək: "Rusiyanı sanksiyalar ilə deyil, Ukraynaya hərbi dəstəyi artırmaqla, yeni ballistik raketlər verməklə məğlub etmək olar. Ona görə də Qərbin sanksiyalar paketi effektli deyil. Nə qədər ki, Ukraynanın hava məkanı bağlanmır və yetərincə PATRİOT və ballistik raketlər verilməyincə sürünən müharibə davam edəcək. Rusiyanı yalnız cəbhə xəttində məğlub etmək və qoşunlarını Ukraynadan vurub çıxarmaq lazımdır. Bu baş tutmayınca, Qərbə qarşı təhdidlərini davam etdirəcək".

Sitat.info 



Xəbər xətti