ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının həm Ukrayna, həm də Avropa tərəfindən qəbul edilməsi üçün onu təkmilləşdirmək lazımdır.
Sitat.info xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron bildirib.
Keçən həftə təqdim olunan 28 maddəlik ABŞ təklifi Vaşinqtonda, Kiyevdə və Avropada narahatlıq yaradıb və planın Moskvanın maraqlarına daha çox uyğun ola biləcəyi ilə bağlı suallar doğurub.
Makron deyib: “Təşəbbüs doğru istiqamətdədir, amma müzakirə edilməli və düzəldilməli hissələr var. Biz təslimiyyətə bərabər olan sülh istəmirik”.
O əlavə edib ki, hansı ərazi güzəştlərinə razı olacağını yalnız Ukrayna müəyyən edə bilər.
Makrona görə, sülh əldə olunarsa Ukraynanın əsas müdafiə xətti öz ordusunun gücləndirilməsi olacaq və bunun üçün məhdudiyyət qoyula bilməz. O həmçinin bildirib ki, dondurulmuş Rusiya aktivləri Avropadadır və onların taleyinə yalnız Avropa qərar verə bilər.
ABŞ planı isə Ukraynanın ordusuna limit qoymağı və dondurulmuş Rusiya aktivlərinə Vaşinqtonun nəzarətini nəzərdə tutur.
Makron döyüşlər dayandıqdan sonra “təminat qüvvəsi”nin necə olacağına da toxunub: sülh imzalandıqdan sonra Britaniya, Fransa və Türkiyə hərbçilərinin cəbhədən uzaq ərazilərdə təlim və təhlükəsizlik missiyalarında ola biləcəyini deyib. Hazırda 20-yə yaxın ölkə bu prosesdə aktiv iştiraka hazır olduqlarını bildirib.
Gülxar,
Sitat.info