Bakının İrəvana satdığı neft Kremli "yandıracaq": Müstəqil Ermənistan hələ indi yaranır...

16:25 18 Dekabr 2025

"Azərbaycan Ermənistana neft məhsullarının ixracını həyata keçirir. Bu gün Azərbaycandan neft çənlərindən ibarət yüklü qatar Gürcüstandan ərazisindən Ermənistana daxil olur. Azərbaycan və Ermənistan arasında "Yekun sülh" müqaviləsi olmadan neft və yanacaq tədarükü ilə bağlı razılaşma ilk növbədə siyasi proseslərdən irəli gəlir. Ermənistan Rusiyadan neft məhsullarının idxalını azaldır. Bununla da Rusiyanın seçkilərdə təzyiqlərini neytrallaşdırmış olacaq. Həmçinin bu durum Ermənistanda keçiriləcək seçkilərdə N. Paşinyanın əlini gücləndirir. O, artıq Azərbaycanla sülh olduğunu əyani şəkildə təqdim edə biləcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Azərbaycanın Ermənistana neft məhsullarını göndərməsi, Moskva və Tehranda " yanğına" səbəb olacaq: "Neft məhsullarının Ermənistana  ixracının həyata keçirilməsi İranın da mövqeyini zəiflətmək istiqamətində mühüm addımdır. Azərbaycan Ermənistanı Rusiya və İranın buxovundan çıxarır. İndi real və müstəqil Ermənistan formalaşması məhz Azərbaycanın hesabına olacaq. Ermənilərin bunu qiymətləndirməməsi mümkün deyil. N. Paşinyan real və praktiki addımlar atır. Azərbaycan və Türkiyə artıq Rusiyanın Ermənistanda təxribatlarını önləməlidir. Bununla bağlı N. Paşinyan daxildə təmizləmə siyasəti aparır".

Politoloqun fikrincə, Azərbaycan çalışır ki, Ermənistanda Paşinyan hakimiyyətdə qalsın. Həmçinin Türkiyə ilə Ermənistan arasında yaxın aylarda sərhədlərin açılması gözlənilir.

Gülxar, 

Sitat.info



Xəbər xətti