"Azərbaycandan Ermənistana neft məhsullarının ixracı təsadüfi iqtisadi addım deyil, dəqiq hesablanmış siyasi-strateji gedişdir. Bu qərar ilk növbədə Bakının regionda sülhü kağız üzərində yox, real mexanizmlər üzərindən qurmaq niyyətini ortaya qoyur. Azərbaycan müharibədən qalib çıxmış dövlət kimi indi prosesləri emosiyalarla deyil, maraqlar üzərindən idarə edir və bu, güclü dövlət davranışıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, ixracın əsas hədəfi Ermənistanı uzun illər qapalı qaldığı regional əməkdaşlıq məkanına mərhələli şəkildə cəlb etməkdir: Enerji tədarükü isə bu prosesin ən həssas, eyni zamanda ən effektiv alətidir. Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması İrəvanın siyasi manevr imkanlarını daraldır və onu daha konstruktiv mövqeyə sövq edir. Başqa sözlə, Bakı münaqişə sonrası mərhələdə sərt ritorika yox, iqtisadi asılılıq vasitəsilə davranış dəyişikliyi yaradır".
T.İsmayılov hesab edir ki, bu addım sülh prosesinə psixoloji baxımdan da ciddi təsir göstərir: " İllərlə “blokada” və “təcrid” mifləri ilə yaşayan Ermənistan cəmiyyəti üçün Azərbaycanla ticarət reallıqla üzləşmək deməkdir. İqtisadi əlaqə düşmən obrazını zəiflədir, münaqişə ritorikasını isə funksiyasız edir. Tarix göstərir ki, ticarət başlayan yerdə müharibə çağırışları tədricən səssizləşir.
Eyni zamanda Azərbaycan bu ixracla regional liderliyini bir daha təsdiqləyir. Bakı sübut edir ki, Cənubi Qafqazda kommunikasiyalar, enerji axınları və sabitlik Azərbaycanın siyasi iradəsindən keçir. Prezident İlham Əliyevin formalaşdırdığı yeni regional yanaşma qalibiyyətin məsuliyyətini daşıyan, gələcəyi planlayan dövlət modelidir".
Siyasi şərhçi hesab edir ki, nəticə etibarilə, bu neft ixracı sadəcə iqtisadi əməliyyat yox, sülhə hesablanmış strateji investisiyadır: "Azərbaycan qarşıdurma dövrünü bağlayıb, regionu öz qaydaları ilə əməkdaşlıq mərhələsinə keçirir. Bu isə real, dayanıqlı və geri dönməz sülhün ən etibarlı yoludur.
Tehran,
Sitat.info