Azərbaycanda iş rejiminin sürüşkən tətbiqi və bəzi müəssisələr üçün bazar gününün iş günü elan olunması təklif olunur.
Sitat.info xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa səsləndirib.
Deputat tıxac probleminin həlli üçün müxtəlif yanaşmaların nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bəzi ölkələrdə iş saatları səhər 7-də başlayıb, 16:00-da başa çatır və bəzi müəssisələr üçün bazar günü iş rejimi mümkündür. Banklar və digər sektorlarda isə iş gününün dəyişdirilməsi nəzərdən keçirilə bilər.
F. Mustafa əlavə edib ki, insanların böyük əksəriyyəti işə çatmaq üçün evdən əvvəlcədən çıxır, geri qayıdarkən də vaxt itirir: “Bir dövlət qulluqçusu müsahibəsində qeyd etmişdi ki, "8 saat rəsmi işlə işləyirəm, 4 saat isə tıxacda vaxt keçirirəm". Bu səbəbdən Bakının tıxac problemi həll olunana qədər vətəndaşların iş şəraitini yüngülləşdirmək üçün müəyyən tədbirlər görülə bilər. Məsələn, işə gəlmək üçün yolda 2 saat itirən şəxsə işdən 1 saat əvvəl çıxmaq imtiyazı verilə bilər. Bu həm işin keyfiyyətinə, həm də ümumi əmək məhsuldarlığına müsbət təsir edər”.
Deputat qeyd edib ki, hazırda Bakının tıxac problemini tam həll etmək çətindir və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tənzimləmələr aparılmalıdır.