"Son günlər ciddi hadisə baş verdi. Qəbul edilmiş yeni qanunlara, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklərə görə, Naçxıvanın muxtariyyəti “de-fakto” ləğv edildi. Növbəti addım kimi, çox güman, Azərbaycan Konstitusiyasına da dəyişikliklər etmək lazım olacaq ki, bunun üçün də referendum lazımdır".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, Real Partiyasının sədri Natiq Cəfərli deyib.
O bildirib ki, referenduma bir neçə vacib məsələ də daxil edilməlidir: "Referenduma tək Naxçıvan MR-nın “de-jure” ləğvi deyil, həm də İcra Hakimiyyəti institutunun ləğvi, Bələdiyyələrin səlahiyyət və məsuliyyətinin artırılması ilə yerli özünüidarə institutlarının gücləndirilməsi, proporsional seçkiyə keçid, Milli Məclisin hökumət üzərində nəzarətinin artırılması, ölkəmizin inzibati-ərazi quruluşunun dəyişdirilməsi – yəni, Prezidentin fərmanı ilə yaradılmış 14 iqtisadi rayonun (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və s. kimi) inzibati ərazi vahidinə çevrilməsi, Prezidentin şəxsi nümayəndəliyi institutunun gücləndirilməsi və iqtisadi inkişafa səbəb olacaq bir neçə başqa dəyişikliklər də qəbul edilsə, çox yaxşı olardı".
N.Cəfərli hesab edir ki, ilk addım kimi Naxçıvan MR-nın konstitusiyasına edilən dəyişiklik istiqamət olaraq doğrudur: "Ümid edirəm ki, növbəti addım Azərbaycan Ana Yasasına ölkənin önünü açacaq, iqtisadi tərəqqiyə, rifaha təməl yaradacaq dəyişikliklər olacaq".
Tehran,
Sitat.info