Şabran rayonunda məktəbin və evlərin yaxınlığında yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Sitat.info-ya daxil olan məlumata görə, Şabran rayonu, Tofiq Abbasov küçəsində yerləşən 2 nömrəli tam orta məktəbin yanında xeyli müddətdir məişət tullantıları yığılaraq qalaq əmələ gətirib.
Sakinlərin sözlərinə görə, ərazidə zibil vaxtında daşınmadığından tullantılar getdikcə artır və artıq yaxınlıqdakı yaşayış evlərinə qədər yayılır. Onlar bildirirlər ki, isti hava şəraitində ətrafa xoşagəlməz qoxu yayılır və bu vəziyyət həm məktəb ərazisi, həm də ətrafda yaşayan insanlar üçün ciddi narahatlıq yaradır.
Bildirirlər ki, Şabran Mənzil-İstismar Sahəsinin (MİS) istifadəsinə yeni zibildaşıyan avtomobil verilsə də, həmin ərazidə tullantıların daşınması ilə bağlı problem hələ də həllini tapmayıb.
Sakinlər aidiyyəti qurumlardan məsələni nəzarətə götürməyi, zibil qalağının təcili şəkildə təmizlənməsini və ərazidə mütəmadi təmizlik işlərinin aparılmasını xahiş edirlər.
Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nigar,
Sitat.info