“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan
Sitat.info “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə o, Ermənistanın bir sıra icmalarında keçirilən bələdiyyə seçkilərinin nəticələrini canlı efirdə şərh edərkən bildirib.
Paşinyan bir sıra icmalarda toplanan 80-90 faizdən çox səslərin onu sevindirmədiyini diqqətə çatdırıb:
“İlk baxışda bu nəticələr xoş görünsə də, müəyyən mənfi assosiasiyalar yaradır. Bu gün yeni problemlər ortaya çıxıb. Birincisi, elə etmək lazımdır ki, seçki nəticələri avtoritarizm və diktatura təəssüratı yaratmasın. İkincisi, ictimai nəzarətin obyektiv mexanizminin fəaliyyətini təmin etməkdir. Üçüncüsü isə Ermənistanda yalnız öz seçiciləri və vətəndaşları tərəfindən idarə olunan, dövlətyönümlü, intellektual, obyektiv və dürüst müxalifətin formalaşmasına nail olmaqdır. Bunlar üzərində düşünməli olduğumuz məsələlərdir”.
Xatırladaq ki, ötən gün Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Oktyabrın 24-də isə Artik, Martuni və Yeğeqnadzorda bələdiyyə seçkilərində iştirak edən bir neçə müxalifətçinin saxlanıldığı barədə məlumat verilmişdi.