Bu gecə “Qızıl top” öz sahibini tapacaq - Messi getməyəcək

Bu gecə “Qızıl top” öz sahibini tapacaq - Messi getməyəcək
İdman 26 Oktyabr 2026 19:16
Səkkizqat “Qızıl top” mükafatçısı Lionel Messi oktyabrın 26-da Londonda keçiriləcək təntənəli təqdimat mərasimində iştirak etməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.

Aprel ayında “France Football” jurnalının 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən açıqladığı 30 namizəd siyahısına daxil edilən argentinalı ulduzun mükafatı yeni qalibə şəxsən təqdim edəcəyi iddia olunurdu. Lakin insayder Fabrisio Romano hələ oktyabrın 13-də bu şayiələri təkzib etmişdi.

“Diario SPORT”un məlumatına görə, Messinin Londona getməmək barədə yekun qərarı sıx uçuş qrafiki ilə bağlıdır. Bu yaxınlarda İspaniyada olan futbolçu ABŞ-yə qayıtmalıdır, çünki “Inter Mayami” MLS-in müntəzəm çempionatının həlledici oyunlarına hazırlaşır. Qısa müddətdə uzunməsafəli uçuşlar ulduz futbolçunun oyunlara hazırlıq prosesini mürəkkəbləşdirə bilər.

Qeyd edək ki, “Qızıl top”un təqdimat mərasimi bu gecə Bakı vaxtı ilə saat 00:00-da Londonun “Palladium” teatrında baş tutacaq. Mükafat tarixində ilk dəfə Fransadan kənarda təqdim olunacaq. Londonun seçilməsi isə 1956-cı ildə “Qızıl top”un ilk sahibi olan ingiltərəli futbolçu Stenli Metyuzun xatirəsinə hörmət əlamətidir.

Xatırladaq ki, Lionel Messi 8 dəfə bu mükafata layiq görülərək mütləq rekordçudur (sonuncu dəfə 2023-cü ildə). Təcrübəli hücumçu Argentina milli komandasının heyətində sonuncu Dünya Çempionatında 8 qol vurub və 4 məhsuldar ötürmə edib.