ABŞ və İran arasında hərbi qarşıdurmanın səngiməsi fonunda dünya bazarında neftin qiyməti enişini davam etdirib.
Sitat.info xəbər verir ki, Brent markalı xam neftin bir barrelinin qiyməti 2,2 faiz azalaraq 84,03 dollara düşüb. Müqayisə üçün qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlamazdan əvvəl Brent nefti təxminən 72 dollar səviyyəsində ticarət olunurdu.
ABŞ-ın WTI xam neftinin qiyməti isə 1,7 faiz azalaraq bir barreli 81,20 dollar olub.
Valyuta bazarında da dəyişikliklər qeydə alınıb. ABŞ dolları Yapon yeni qarşısında cüzi bahalaşaraq 163,75 yendən 163,82 yenə yüksəlib. Avro isə 1,1369 dollardan 1,1367 dollara enib.
Məlumata görə, regional rəsmilər vasitəçilərin ABŞ və İran arasında dialoqu bərpa etmək istiqamətində irəliləyiş əldə etdiyini bildiriblər. Onların sözlərinə görə, son günlər qarşılıqlı hücumların dayandırılması danışıqların yenidən başlanması üçün şərait yaradıb.
Nigar,
Sitat.info