Bu il əlverişsiz hava şəraiti Qubada alma bağlarına ciddi ziyan vurub. Güclü yağıntılar səbəbindən bir çox bağlarda almaların üzərində ləkələr yaranıb, məhsulun keyfiyyəti aşağı düşüb və fermerlər ciddi maddi itkilərlə üzləşiblər.
Fermerlərin sözlərinə görə, əvvəlki illərdə bir hektar alma bağından 8-10 min manat gəlir əldə etmək mümkün olduğu halda, bu il çəkilən xərcləri belə ödəmək çətinləşib. Bildirilir ki, məhsulun təxminən 90 faizi dəmgil xəstəliyinə yoluxub və satış üçün yararsız vəziyyətə düşüb.
Onların sözlərinə əsasən, yüksək dərman xərclərinə baxmayaraq, məhsulu qorumaq mümkün olmayıb. Emal müəssisələri isə bu almaları cəmi 5-6 qəpiyə qəbul edir və alıcı tapmaq da çətinləşib.
Nəticədə bəzi fermerlər 10-15 min manat həcmində zərərə düşdüklərini bildirirlər./milli.az/