Bu ilin yanvar-iyul aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi illik müqayisədə 12,5% artaraq 824,7 milyon ABŞ dolları təşkil edib.
Sitat.info xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycan 5,3% payla Gürcüstanın ümumi ticarət dövriyyəsində qonşu ölkənin Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beçinci əsas ticarət tərəfdaşı olub.
Gürcüstandan Azərbaycana 408,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 2% çoxdur. Azərbaycan Gürcüstanın ixracında 8,7% payla qonşu ölkənin ixrac üzrə əsas tərəfdaşları arasında Qırğızıstan, Çin və Rusiyadan sonra dördüncü yerdə qərarlaşıb.
Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə illik nisbətdə 24,8% artaraq 416,1 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 3,8% payla Gürcüstanın əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı yeri tutub.
Yanvar-iyulda Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 15,5 milyard ABŞ dollarına bərabər olub ki, bunun da 4,67 milyard dolları ixracın, 10,84 milyard dolları isə idxalın payına düşüb.