"Azərbaycan və Özbəkistan xalqları müştərək tarixi köklərə malik, bir-birinə son dərəcə sıx tellərlə bağlı olan iki türk dövlətidir. Münasibətlərimizin böyük və zəngin tarixi var. Müstəqillik dövründə Özbəkistan–Azərbaycan əlaqələrinin yeni müstəvidə qurulması Ümummilli Lider Heydər Əliyevin hər iki dövlətə və xalqa böyük töhfəsidir. Məhz Ulu Önder Heydər Əliyevin müəyyən etdiyi xətt, onun Özbəkistana etdiyi səfərlər Özbəkistan–Azərbaycan arasında dostluq körpüsünün qurulması üçün böyük əhəmiyyət kəsb etmiş və tarixi olaraq hər iki xalqın nailiyyətlərinin əsasını təşkil etmiş olur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şövkət Mirziyoyev arasında olan dostluq münasibətləri, eləcə də ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki səylər tarixi əhəmiyyət daşıyır. Məhz bu iki liderin səyləri nəticəsində son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlər en yüksək — müttəfiqlik səviyyəsinə gəlib çatmışdır. İstər iqtisadi əməkdaşlıq, istər tranzit imkanları, istərsə də siyasi-diplomatik və mədəni-humanitar sahələrdə olan əməkdaşlığımız ən yüksək zirvədədir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Prezident İlham Əliyevin Özbəkistana səfərini dəyərləndirən deputat Musa Quliyev deyib.
O bildirib ki, Özbəkistan Mərkəzi Asiyanın yüksələn ulduzudur, Azərbaycan isə Qafqazın şübhəsiz ki, ən aparıcı, inkişaf etmiş və böyük potensiala malik dövlətidir: "Bu mənada Özbəkistan–Azərbaycan münasibətləri həm də Türk dünyasına bir körpü rolu oynayır, Qafqazın Mərkəzi Asiya ilə inteqrasiyasında çox mühüm əhəmiyyət daşıyır. Cənab Prezident bu münasibətlərə dair sonuncu Özbəkistan televiziyasına verdiyi müsahibəsində ətraflı şərh vermiş, münasibətlərimizin inkişaf tarixinə nəzər salmış, bugünkü əlaqələrimizin səviyyəsi və gələcək perspektivləri barədə həm Özbəkistan tamaşaçılarına, həm də Azərbaycan vətəndaşlarına ətraflı məlumat vermişdir.
Məhz cənab Prezidentin söylədiklərindən çıxış edərək qeyd edə bilərik ki, münasibətlərimizin daha geniş perspektivləri vardır. Bu, təkcə Azərbaycan və Özbəkistan münasibətlərinə deyil, həm də Mərkəzi Asiya və bütövlükdə Türk dünyasının inkişafına böyük töhfə olacaqdır".
Deputat onu da vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasındakı iqtisadi münasibətlər və ticarət dövriyyəsi son illər artan xətt üzrə inkişaf edir: "Artıq müştərək kooperasiya, korporativ sənaye müəssisələrimiz və birgə tərəfdaşlıqlarımız fəaliyyət göstərir. Azərbaycanda Özbəkistanın, Özbəkistanda isə Azərbaycanın Mədəniyyət Günləri daimi keçirilir. Dövlətlərimiz arasında Dövlətlərarası Şuranın yaradılması, Hökumətlərarası Komissiyanın fəaliyyət göstərməsi həm iqtisadi, həm də dövlət idarəçiliyi sahəsində səylərimizin birləşməsinə geniş imkanlar açır. Eyni zamanda siyasi və diplomatik platformada da münasibətlərimiz daha sıx və inkişaf etmiş şəkildədir. Azərbaycan parlamenti ilə Özbəkistan parlamenti arasında çox işgüzar və sıx münasibətlər mövcuddur. Bütün siyasi platformalarda Azərbaycan Özbəkistanı, Özbəkistan da Azərbaycanı və bütün məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir.
Qarabağın işğaldan azad olunmasından sonra orada Azərbaycan xalqına öz töhfəsini vermiş Özbək xalqına daima minnətdarlığımızı bildiririk. Çünki Füzuli şəhərində Özbəkistanın vəsaiti hesabına tikilmiş və hazırda fəaliyyət göstərən məktəbin və Uşaq Yaradıcılıq Mərkəzinin olması, Şuşada Özbəkistan Mədəniyyət Günlərinin, Xivədə isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır.
Özbəkistanın böyük iqtisadi potensialı, zəngin təbii sərvətləri və işgüzar xalqı vardır. Özbəkistanın gələcək perspektivləri oldukça yüksək qiymətləndirilir və belə bir ölkə ilə Azərbaycanın münasibətləri gücümüzü daha da artırır. Şübhəsiz ki, əlaqələrimizin möhkəmlənməsində coğrafi münasibətlərin də böyük əhəmiyyəti var. Logistika sahəsində əlaqələrimiz getdikcə genişlənir. Orta Dəhlizin həm Özbəkistan, həm də Azərbaycan üzərindən keçməsi bu sahədəki əməkdaşlığımızı yaxşılaşdırır, eləcə də dünya iqtisadiyyatına və ticarət dövriyyəsinə öz töhfəmizi vermiş olur.
Qədim İpək Yolunun Çindən başlayıb Avropada bitən böyük tranzit yolunun bir hissəsinin Azərbaycandan keçməsi və yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması bu sahədə əlaqələrin daha da yüksəlməsinə gətirib çıxaracaqdır. Eyni zamanda biz bərpaolunan enerji, yaşıl enerji və yaşıl dünya sahəsində də əməkdaşlığımızı genişləndiririk. Həm Özbəkistanın, həm də Azərbaycanın istər günəş, istərsə də külək enerjsi sahəsində potensialı böyükdür. Süni intellekt və fiber-optik xətlərin çəkilməsi də Özbəkistan–Azərbaycan əlaqələrinin rəqəmsal transformasiyası üçün yeni bir mərhələ, yeni bir məqam olacaqdır.
Bütövlükdə düşünürəm ki, cənab Prezidentin Özbəkistana növbəti səfəri yeni müqavilələrin, sənədlərin imzalanmasına və əməkdaşlığımızın daha yüksək səviyyəyə çatmasına öz yeni töhfələrini verəcək".
Məğrur Salmanov,
Sitat.info