Meteor yağışı olacaq
Sitat.info xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq.
Meteor yağışının maksimum aktivliyi isə 21-22 oktyabr tarixlərində baş verəcək. Oktyabrın 21-dən 22-nə keçən gecə meteor yağışının müşahidəsi üçün əsas gecələrdən biri olacaq.
Orionidlərin əsas cismi astronomiya tarixinin ən məşhur kometalarından biri - 1P/Halley kometasıdır. Halley kometası Günəş ətrafında bir dövrünü orta hesabla təxminən 75-76 ilə tamamlayır. Halley kometası Günəşə yaxınlaşdıqda onun nüvəsindən qaz, toz və bərk hissəciklər ayrılır. Bu material zamanla kometanın orbiti boyunca yayılır. Halley kometasının özü hazırda Yerə yaxın olmasa belə, Yer hər il həmin meteoroid materialının müəyyən hissəsindən keçdiyindən onun keçmişdə buraxdığı hissəciklər atmosferə daxil olaraq meteorlar yaradır. Orionidlər xüsusilə yüksək sürətləri ilə seçilir.Meteoroidlər Yer atmosferinə təxminən 66 km/san, yəni saatda təxminən 238 min kilometr sürətlə daxil olur. Bu səbəbdən Orionidlər səmada çox sürətli meteorlar kimi görünür və bəzi parlaq meteorların arxasında bir neçə saniyə davam edən işıqlı izlər qala bilər.
2026-cı il üçün Orionidlərin maksimum aktivliyi zamanı saatda 20 meteorun müşahidə olunması gözlənilir. Orionidlər Azərbaycandan müşahidə edilə bilər. Orionidlərin müşahidəsi üçün gecə yarısından sonrakı və xüsusilə sübhə yaxın saatlar daha əlverişlidir. Şəhər işıqlarından uzaq, mümkün qədər qaranlıq müşahidə yerinin seçilməsi xüsusi əhəmiyyət daşıyır.