Fransa hökuməti etirazçılarla bağlı qərar erdi - Bu addımlar atılacaq

Fransa hökuməti etirazçılarla bağlı qərar erdi - Bu addımlar atılacaq
Gündəm 21 Oktyabr 2026 13:45
Fransada bahalaşmaya və təhsil sistemindəki problemlərə qarşı keçirilən etirazlardan sonra hökumət təhlükəsizlik tədbirlərini gücləndirir. Baş nazir Sebastyan Lekornyu oktyabrın 21-də həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşərək ölkədəki vəziyyəti və etirazçıların tələblərini müzakirə edir.

Sitat.info xəbər verir ki, AFP-nin məlumatına görə, həmkarlar ittifaqları hökumətdən sosial narazılıqlara yalnız güc tədbirləri ilə deyil, konkret siyasi və iqtisadi addımlarla cavab verməyi tələb edirlər.

Qeyd edək ki, oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib. Etirazlar yaşayış xərclərinin artması, yanacağın bahalaşması, məktəblərdə müəllim çatışmazlığı və təhsil şəraitinin pisləşməsi ilə bağlı narazılıqları əhatə edib. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara, mağazaların talan edilməsinə və yanğınlara çevrilib.

Hökumət mümkün yeni qarşıdurmaların qarşısını almaq üçün Paris, Marsel və digər şəhərlərdə gecə komendant saatları tətbiq edib. Baş nazir şənbə günü, oktyabrın 24-də keçirilməsi planlaşdırılan yeni aksiyalar zamanı genişmiqyaslı polis qüvvələrinin cəlb olunacağını bildirib.

“Jiletlilər” hərəkatının nümayəndələri Parisdə Bastiliya meydanından Opera istiqamətində yürüş keçirmək üçün müraciət etdiklərini açıqlayıblar. Aksiyaların əsas tələbləri arasında alıcılıq qabiliyyətinin qorunması, dövlət xidmətlərinin yaxşılaşdırılması və etiraz hüququnun təmin edilməsi yer alır.

Seymur,

Sitat.info