“Navai”nin Qazaxıstana girişinə qadağa qoyulmayıb
“Azərbaycan əsilli reper “Navai”nin (Nəvai Bəkirov) Qazaxıstana girişinə qadağa qoyulmayıb”.
Sitat.info “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Rena Kərimova reperin Qazaxıstana girişinin qadağan edilməsi barədə məlumatlara münasibət bildirərkən söyləyib.
Hüquqşünasın sözlərinə görə, barəsində qaldırılmış cinayət işinə xitam verilmiş “Navai” Qazaxıstana konsertlərlə qayıtmaq niyyətindədir.
“O geri qayıdacaq. Heç bir deportasiya yoxdur”, - Kərimova deyib.
Xatırladaq ki, oktyabrın 14-ü Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı “Navai”nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb. Lakin oktyabrın 20-də cinayət işinə xitam verilib və o, azadlığa buraxılıb. Bu zaman reperin əməlindən peşman olması və qanun pozuntusunu ilk dəfə törətməsi əsas götürülüb. Mətbuatda “Navai”yə 5 il müddətinə Qazaxıstan ərazisinə daxil olmağın qadağan edildiyi barədə xəbərlər yayılıb.