Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..." - Video

HADİSƏ 21 Oktyabr 2026 14:40

Kolatan bələdiyyəsinin fəaliyyəti ilə bağlı səsləndirilən iddialara bələdiyyə sədri Rauf Cəbiyev münasibət bildirib. O, I saylı Regional Təbii Sərvətlər və Ekologiya İdarəsinin  əməkdaşları Talıb Kərimovun bələdiyyənin fəaliyyətinə kölgə salmağa çalışdıqlarını iddia edib.

Sitat.info xəbər verir ki, Rauf Cəbiyev sosial şəbəkədəki açıqlamasında səsləndirilən şikayətlərin qərəzli və əsassız olduğunu bildirib:

“Azər Əmiraslanov və Rafael Sadıqov qərəzli şəkildə Kolatan bələdiyyəsinin fəaliyyətinə kölgə salmaq üçün uydurma iddialarla çıxış edirlər. Azər Əmiraslanov illər öncə Kolatan bələdiyyəsinin balansında olan çoxsaylı torpaq sahələrini zəbt edib. Torpaqların zəbtdən azad olunacağı ilə bağlı paylaşımlarımızdan sonra şər və böhtan xarakterli şikayətlər etməyə başlayıb".

Bələdiyyə sədrinin sözlərinə görə, həmin ərazilərdə dörd balıqçılıq bəndi yaradılıb və orada qanunsuz balıqçılıq fəaliyyəti həyata keçirilir:

“Kolatan bələdiyyəsinin balansında olan torpaq sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əlbir olaraq dörd müxtəlif balıqçılıq bəndi yaradıblar. Orada qanunsuz balıqçılıqla məşğuldurlar. Həmin torpaqların əllərindən alınacağından ehtiyatlandıqları üçün bu gün şər və böhtan xarakterli paylaşımlar edir, şikayətlər verirlər”,.

Rauf Cəbiyev Rafael Sadıxovun pay torpaq sahəsində qazıntı aparılması və süni göl yaradılması ilə bağlı da fikirlər səsləndirib:

“Dünən bu məsələlərə baxış keçirdik. Rafael Sadıxov təxminən 10-15 il əvvəl özünə məxsus pay torpaq sahəsini qazdıraraq süni göl yaradıb. Məndə olan məlumata görə, həmin ərazidən yüzlərlə maşın torpaq satılıb. İndi isə bu məsələni başqa cür təqdim etməyə çalışırlar”.

O, Baku TV-də yayımlanan və çayxana ərazisinin satılması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib.

“Çayxana 1993-cü ildə tikilib. Həmin obyektin bizimlə heç bir əlaqəsi yoxdur. 2018-ci ildən çayxananın sahibinin həyat yoldaşının istifadəsində olduğu sistemdə görünür. Obyektin vəziyyəti bərbad idi və sonradan yenidən qurulub. Rafael Sadıxov isə iddia edir ki, həmin yer onun pay torpağıdır. Bu, tamamilə əsassız iddiadır”.

Bələdiyyə sədri oktyabrın 10-da bölgədə baş verən güclü külək və yağış nəticəsində aşan ağaclarla bağlı məsələyə də toxunub:

“Oktyabrın 10-da Kolatan bələdiyyəsinin ərazisində, o cümlədən Sığdaş kəndində güclü külək əsdi, yağış yağdı. Ağaclar hasarların, evlərin və yardımçı tikililərin üzərinə aşdı. Həmin ağaclar kəsilərək ərazidən uzaqlaşdırılıb. İndi bu hadisəyə də başqa don geyindirmək istəyirlər".

Rauf Cəbiyev Kolatan tibb məntəqəsinin ərazisində əvvəllər qovaq ağacının kəsilməsi ilə bağlı iddiaları da əsassız adlandırıb.

“Kolatan bələdiyyəsinin yerləşdiyi tibb məntəqəsinin ərazisində əvvəlki illərdə qovaq ağacının kəsilməsi məsələsini də mənim adıma bağlamağa çalışırlar. Bununla bağlı heç bir fakt və sübut yoxdur. Ən gülünc məqam isə sübut tələb edildikdə şikayətçinin özünün göstərilməsidir. Şikayətçinin hadisəni gördüyünü deməklə məsələ sübuta yetirilmiş olmur".

Açıqlamada səsləndirilən iddialarla bağlı adı çəkilən şəxslərin və müvafiq qurumun mövqeyini dərc etməyə hazırıq.

Seymur,

Sitat.info