"İranın Azərbyacan-İsrail münasibətlərinə birmənalı olmayan yanaşması bizə çox qəribə gəlir. Çünki Azərbaycana fərqli-fərqli ölkələrdən siyasətçilər gəlir. Azərbaycan rəhbərliyi, məmurlar dünyanın əksər ölkələrinə gedir. İran dövlətinin marağı nədir ki, Azərbaycanın daxili işlərinə qarışır. İsrail-Azərbaycan münasibətləri həmişə yaxşı olub".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Rizvan Hüseynov deyib.
Onun sözlərinə görə, 30 ildir biz İrandan eşidirik ki, bu münasibətlər İrana qarşıdır: "Azərbaycan öz maraqlarını dəstəkləyir, İsrail də həmçinin. 44 günlük müharibədən sonra da İsrail-Azərbaycan münasibətləri daha yüksək mərhələyə qədəm qoydu. Ona görə ki bu 44 günlük müharibə imtahan idi. Tək bizim üçün yox, ətraf ölkələr, bizə dost olan ölkələr üçün də imtahan idi. Biz İranı bu dövlətlər arasında görmədik. İndi İranın nə haqqı var ki, bizdən narazı olsun, əgər bizə dost deyilsə".
R.Hüseynov əlavə etdi ki, İran özü hər zaman Azərbaycana problem yaratmağa çalışıb: "Ataların biz sözü var, xain xoflu olar. İran daim bizə Ermənistan vasitəsilə , Qarabağ məsələsi üzərindən problemlər yaradıb. Heç zaman birmənalı mövqeyi olmayıb, Azərbaycanı birbaşa dəstəkləməyib, ancaq Ermənistanı dəstəkləyib. Hər zaman Ermənistan rəhbərliyi Tehrana rəsmi səfər edəndə oradan Azərbaycana qarşı sərsəm bəyanatlar səsləndirirlər. İranın özünü müsəlman dövləti adlandırmasına baxmayaraq, biz İranın düşmən ritorikasını daim eşitmişik. Azərbaycan əksər hallarda buna etiraz da etmirdi. Ancaq çox gözəl bilirdilər ki, Ermənistan təcavüzkardır və Azərbaycan torpaqlarını, müsəlman torplaqlarını işğal edib. Buna rəğmən Tehrandan İrəvana, İrəvandan Tehrana hər zaman yüksək səviyyəli rəsmilər qarşılıqlı səfərlər edirdilər və bir-birinə dəstək verirdilər. Belə bir termin də işlədirdilər ki, iki dövlət, bir xalq. Yəni, ermənilərlə farslar guya bir xalqdırlar. Azərbaycan heç vaxt bu məsələ ilə bağlı rəsmi bəyaanat verməyib. İndi İranın nə haqqı var ki, Azərbaycanın daxili siyasəti və ya xarici siyasəti ilə maraqlansın, hələ bir fikir də bildirsin".
Politoloq onu da qeyd etdi ki, İranın açıqladığı rəsmi mövqe qətiyyən doğru deyildi: "Azərbaycan İsraillə ikitərəfli maraqlar və dostluq, səmimiyyət üzərinə praqmatik münasibətlər qurur. İran özünü şişirtməsin, İran heç kimə lazım deyil.Azərbaycan və İsrailin öz maraqları var. Ancaq əgər İran Azərbaycan üçün və İsrail üçün təhdiddirsə, bu rəsmi Tehranın öz problemidir, öz seçdiyi yoldur və bu səbəbdən cavabdeh özüdür".
Məğrur,
Sitat.info