"İstərdim ki, MM-də İlham Əliyevə ən ali mükafatın verilməsi barədə qərar qəbul olunsun"- Elşad Paşasoydan TƏKLİF

13:30 11 Oktyabr 2023

Oktyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclası keçiriləcək. İclasın gündəliyinə İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatının qəbul olunması barədə məsələ daxil edilib.

Heydər Əliyev İlində, Azərbaycanın Qarabağa tam şəkildə nəzarətini təmin etməsindən sonra keçiriləcək iclasdan söhbət gedir. Xüsusi iclasın tarixi də diqqət çəkir- 12 oktyabr. 12 oktyabr Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsinə start verilən Gülüstan sülh müqaviləsinin 210-cu ildönümünün tamamı günüdür. Təsadüflər olmur, deyirlər...Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2 əsrdən artıq müddətdə torpaqları bölüşdürülən, tikə-parça edilən Azərbaycanda möhtəşəm ilkə imza atan SƏRKƏRDƏ olaraq adını şərəf tariximizə yazdırdı.

Dövlət başçısı bütün çıxışlarında bu Zəfərə görə ŞƏHİD VƏ QAZİLƏRİMİZƏ minnətdarlığını ifadə edir. Təbii ki, belədir, daim minnətdar olacağıq. Amma eyni zamanda Baş Komandan, Sərkərdə amili olduqca önəmlidir, müdriklər də deyib: "Sərkərdə igid olsa, verməz heç ordu bada". Azərbaycan tarix boyunca şəhidlər verib, çox təəssüf igidlərimizlə bərabər, torpaqlarımızı da itirmişik. Bu dəfə millətimizin böyük təskinliyi budur ki, şəhid qanı hesabına torpaqlarımızı qazandıq, düşməndən geri aldıq, baxmayaraq ki, qarşımızda böyük maneələr var idi...

Bu, əsrlərdən sonra baş verdi, bu zəfəri bizə qazandıran Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına minnətdarıq! Bir vətəndaş mövqeyi, həm də Qarabağ dərdindən 20 ildən artıq ağrılı yazılar yazan, Qarabağ nisgili ilə dünyadan köçməyin ağırlığını daim üzərində hiss edən media nümayəndəsi, Zəfər qazanmış Azərbaycanın sadə vətəndaşı olaraq arzum, istəyim budur ki, Milli Məclisin xüsusi iclasında Şuşa, Xankəndi...fatehi İlham Əliyevə Azərbaycanın ən ali ordeni, ən ali mükafatının verilməsi barədə qərar qəbul olunsun. Qarabağ və Şərqi Zəngəzur Zəfəri Prezident İlham Əliyevin ən böyük hədəfi olmaqla yanaşı, tarixi uğuru, Azərbaycan xalqına ən böyük hədiyyəsi və 20 illik prezidentliyinin ən möhtəşəm, ŞAH ƏSƏRİDİR!

Əsərimiz, Əsrimiz, xalq olaraq yenidən doğuluşumuz mübarək!

Siyasi şərhçi Elşad Paşasoy,

Sitat.info



Xəbər xətti