"İsraillə Həmas arasında münaqişə başlayan gün şənbə günü olduğundan birjalar bağlı idi. Ona görə də birjalar hadisələrə birinci gün çox sərt reaksiya verdilər. Neftin qiyməti qalxdı, bəzi əmtəələrin qiyməti qalxdı. Qızılın qiyməti qalxdı. Həmişə belə problemli vəziyyətlərdə, münaqişələr zamanı bu aktivlərin qiyməti artır. Amma sonradan sanki bir sakitlik yarandı. Bunun da səbəbləri çoxdur. Çünki makroiqtisadi parametrlər də var dünyada. Onlar da işin içinə girəndə panikanı bir az azaltdı".
Bu sözləri Sitat.info-ya iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O həmçinin bildirib ki, orta və uzun perspektivdə çox ciddi problemlərin olması ehtimalları da var: "Çünki bu münaqişənin böyüməsi və bir çox ölkələri əhatə etməsi halında nəzərə almaq lazımdır ki, dünya neft ehtiyatlarının və daşınmalarının az qala 40 faizə yaxın o bölgənin payına düşür. Ərəbistan yarımadası, İran Hürmüz körfəzi, bütün bunlar münaqişəyə çox yaxın bölgələrdir və o münaqişəyə qoşulma ehtimalları da var. Dünya ticarətinin böyük bir hissəsi Çinlə, Hindistanla Avropa ticarətinin böyük bir hissəsi Suveyş kanalı vasitəsilə həyata keçirilir. Yəni söhbət 100 milyardlarla dollarlıq dövriyyədən gedir, orada problemlər yarana bilər. Münaqişənin genişlənməsi baş verərsə, bu, dünya iqtisadiyyatında daha ciddi, daha böyük, qlobal böhranlara səbəb ola bilər".
N.Cəfərli vurğuladı ki, ona görə də münaqişənin böyüməməsinə çalışırlar: " Bir çox ölkələr , o cümlədən qardaş Türkiyə bunun üçün çalışır. Amma görünən odur ki, bu münaqişənin böyümə ehtimalları da var. Əgər böyümə ehtimalları olacaqsa, birbaşa neft qiymətlərinə təsir göstərəcək. Neftin qiyməti çox sürətlə arta bilər, həddindən artıq həddi arta bilər. Tarixi maksimumlara çata bilər. Bilirsiniz ki, tarixi maksim qiymətlərində təqribən 150 dollara yaxın idi. 147 148 dollar olmuşdu. İndi bu maksimumlara çata bilər. Yəni belə bir ehtimallar da var. Amma bunun da problemi var. Yəni neftin qiyməti bu qədər artacaqsa, deməli, dünya iqtisadiyyatı durğunluq dönəminə gələcək. Çünki hər şeyin qiymətinin qalxması inflyasiyanın yüksəlməsi deməkdir. Bu isə sosial partlayışlara səbəb olar. Bu münaqişənin alovlanması dünyanın siyasi, iqtisadi və hətta sosial xəritəsinin belə ciddi şəkildə dəyişməsinə və yaxud da xəritəsinə təsir göstərmək qabiliyyətinə malikdir".
Məğrur Salmanov,
Sitat.info