"Azərbaycan öz dövlət suverenliyini bərpa etməklə dünyanın ən qürurlu xalqlarından biri yox, birincisi olduğunu göstərdi. Hazırda hər birimiz dünyada geosiyasi anlamda nələrin baş verdiyinin şahidiyik. Hansı qüdrətli və güclü dövlətlərin necə çətinliklərdən keçdiyini görürük. Orada problem həmin ölkələrin liderlərinin zəif olmasından irəli gəlir".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, biz həm də ona görə xoşbəxtik ki, bizim İlham Əliyev kimi liderimiz var: "Prezidentin ağlı, düşüncəsi, qətiyyəti, gücü, uzaqgörənliyi və xalqına bağlı olması, milli dəyərlərə əsas tutması, onları qoruması və xalqını canından çox sevməsi bu qələbələri şərtləndirdi. Biz hazırda həmin qürurlu anları yaşayırıq".
Deputat açıqlamasında deyib ki, 10 noyabr bəyanatı artıq yeni yaranmış siyasi konfiqurasiya ilə öz qüvvəsini itirmiş olur: "Artıq Azərbaycan ərazisində müvəqqəti yerləşən sülhməramlıların missiyası öz qüvvəsini itirib. Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycanın özünün idarəçiliyini bərpa edib, proseslərə nəzarət edir. Rusiya prezidenti də bunu səsləndirib ki, bu Azərbaycanla müzakirə olunası bir məsələdir, biz Azərbaycan ərazisindəyik, Qarabağ Azərbaycanın suveren ərazisidir və orada olan bütün məsələlər rəsmi Bakı ilə müzakirə edilməlidir".
V. İsgəndərov onu da qeyd edib ki, İlham Əliyev Bişkekdə Putinlə görüşdə bütün bu məsələləri müzakirə edib: "Həmişəki kimi hadisələrin nə zaman, harada olması cənab Prezident tərəfindən müəyyənləşdirilib və əminik ki, yenə də hər şey həmişəki kimi doğru və düzgün zamanda öz həllini tapacaq. Əsas odur ki, həm Azərbaycan, həm də Rusiya prezidenti öz fikirlərini səsləndiriblər. Önəmli olan odur ki, Azərbaycan öz gücünə Konstitusiya quruluşunu ölkənin 100 faizində təmin etdi. Bununla həm öz milli maraqlarını qorudu, həm də beynəlxalq hüququn prinsiplərinə riayət etməklə bu məsələyə birdəfəlik son qoydu. Digər məsələlər də doğru zamanda öz həllini tapacaq".
Seymur Bənnayev
Sitat.info