Qarabağın su ehtiyatları və Sərsəng su anbarı aqrar sektor üçün nə vəd edir?

14:55 18 Oktyabr 2023

"Hələ 20 il bundan əvvəl зrezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Bu gün Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə böyük qürurla, fəxarətlə dalğalanır".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. 

Qarabağın azad olunmasının, Sərsəng su anbarının Azərbaycanın nəzarətinə keçməsinin ölkəmizin aqrar sektoru üçün mühüm olduğunu deyən deputat bildirib ki, artıq qarşımızda yeni imkanlar açılır: "Qarabağda ümumilikdə 24 su anbarı olub, bunlardan 3-ü qəzalı vəziyyətdədir. 22 meliorasiya təyinatlı su anbarından 7-si eyni zamanda balıqçılıq məqsədləri üçün istifadə edilir. 2 su anbarı isə enerji mənbəyi təyinatlıdır. Ermənistan ordusunun son illərdə Tərtər çayına buraxılan suyun miqdarını tənzimləməklə bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi də istifadə etməsi beynəlxalq ictimaiyyətə məlum idi. Sərsəng su anbarı bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır.

Tərtər çayı üzərində inşa edilən həmin su anbarı əvvəllər  Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının böyük torpaq sahəsini suvarma suyu ilə təmin edirdi, yüz minlərlə insanın yaşadığı böyük bir kənd təsərrüfatı regionu üçün əsas su təminatı idi. Ermənistanın  vurduğu ziyanlar sırasında vacib məsələlərdən biri də işğal nəticəsində Sərsəng su anbarının ermənilərin nəzarəti altına keçməsidir. Su anbarı ermənilərin nəzarəti altında olduğu üçün işğalçılar onun vasitəsilə azərbaycanlılara bacardıqları qədər daha çox ziyan vurmağa çalışırdılar. Yaz-yay aylarında, təsərrüfatların suya daha çox ehtiyacı olduğu vaxtlarda ermənilər  bu rayonların ərazilərinə su buraxmırdılar. Bu isə təbii ki, öz mənfi təsirini göstərirdi, kəndlinin əziyyəti suyun olmaması səbəbindən hədər gedirdi".

M.Cəfərov qeyd edib ki, artıq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bu kimi problemlərin də aradan qalxmasına, iqtisadiyyatın inkişafına, regional əməkdaşlığın genişlənməsinə təkan verəcək. Habelə bölgənin ekoloji vəziyyətinə nəzarət etmək asanlaşacaq.

Məğrur, 

Sitat.info



Xəbər xətti