Kimlərsə süni müharibə effekti yaratmaqla beyinləri qarışdırmaq istəyir - Qabil Hüseynli

17:04 18 Oktyabr 2023

 

Bu gün  Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan Azərbaycanın növbəti müharibədə maraqlı olduğu fikrini dilə gətirib. 

O bildirib ki, sülh sazişi ilə bağlı son təkliflərinə hələlik cavab almayıblar.

Ovannisyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə əlaqədar müharibə təhlükəsinin mümkün olub-olmadığına bu cür cavab verib: “Bəli, təbii ki. Baş nazir də bunu dedi”.

Ovannisyanın bu fikirlərinə cavab verən politoloq Qabil Hüseynli Sitat.info-ya açıqlamasında bildirib ki, bunlar yalanlardır və Azərbaycanın heç kimin torpağında gözü yoxdur: " Azərbaycan sülh istəyir, müharibəyə son qoymaq istəyir. Azərbaycan artıq özünün qarşısında duran bütün hədəflərinə nail olub və bundan sonra Azərbaycan üçün yeni hədəf sülh müqaviləsinin imzalanmasıdır. İndi Ermənistan tərəfi, xüsusilə də Nikol Paşinyanın Avropa Parlamentində məsuliyyətsiz və heç bir fakta  söykənməyən çıxışı məndə ciddi təəccüb doğurur. Axı özü deyir ki, bu ilin sonuna qədər mütləq sülh müqaviləsini imzalayacaq, bunu təsdiq edir. O biri yandan isə Azərbaycanın guya yeni sərhəd müharibəsinə haqqında fikirləri söyləməklə özü özünü təkzib edir".

Q.Hüseynli vurğuladı ki. hazırda dövlətimizə müharibə lazım deyil: "Azərbaycanın bir vətəndaş kimi deyirəm, politoloq kimi deyirəm, qətiyyən bir fikri yoxdur. Müharibə bizim nəyimizə lazımdır? Bundan sonra bizə sülh lazımdır. Bundan sonra biz azad edilmiş torpaqlarımızı inkişaf etdirmək, bu torpaqları yenidən həyata qaytarmaq, insanların nəfəsi ilə qızdırmaq istəyirik. Biz insanlarımızı bu torpaqlara daşımaq və orada məskunlaşdırmaq kimi böyük miqyaslı bir işlə məşğuluq. Belə bir vaxtda Qarabağın azad olunmuş bölgələrində əgər böyük tikinti quruculuq işləri ilə məşğuldursa və buna milyardlarla manat pul sərf ediriksə, məncə, Ovannisyan bunu hesablamalı idi ki, belə bir əzəmətli, böyük miqyaslı ölkəyə müharibə qətiyyən lazım deyil. Üstəlik də mən Avropa dövlətlərinin bu məsuliyyətsiz hərəkətini də qınamaq istəyirəm. Yəni tribunanı veribsiniz, Nikol Paşinyana, o, isə bölgədə müharibə təhdidindən danışır. Bir nəfər durub söyləmir ki, mənim Azərbaycanla əlaqələrim var və yaxud da ki, Azərbaycan tərəfinin bu müharibəyə qətiyyən ehtiyacı yoxdur. 

Kimlərsə bu süni müharibə effekti yaratmaqla beyinləri qarışdırmaq, fikirləri qarışdırmaqla məşğul olmaq, Azərbaycanın bütün fikrini zikrini məşğul etmək istəyirlər: " Bu ayın sonlarında yeni görüş keçirilib. Nikol Paşinyanla İlham Əliyevin görüşü keçiriləcək və bu görüşdə də sözsüz ki, sülh müqaviləsində yerdə qalan məsələlərin uzlaşdırılması, müzakirə edilməsi və ortaq məxrəcə gəlinməsi işləri həyata keçiriləcək".

Nərgiz,

Sitat.info



Xəbər xətti