Fələstin -İsrail müharibəsi bu ölkələrə də sıçrayacaq: Onları tələyə salacaqlar...

15:56 27 Oktyabr 2023

 

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan  Yaxın Şərqdəki böhran haqqında danışarkən bildirib ki, bu regional müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, dünya getdikcə daha qarışıq vəziyyətə gəlir: “Qarşıdan gələn rəqabət erası əvvəlki dövrlərdən fərqli olacaq. Ümumi problemlər getdikcə daha da kəskinləşəcək".

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan da daha əvvəl oxşar məzmunlu açıqlamalar vermişdilər.

Məsələ ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Yaxın Şərqdə  Həmasla İsrail arasında başlayan savaş ehtimalları daha da artırdı və üçüncü dünya savaşını daha real müstəviyə qaldırdı: "Şübhəsiz ki, Həmasla İsrail arasındakı müharibə yaxın vaxtda başa çatmayacaq. Bu, gözlənilən deyil. Əksinə, müharibənin miqyası getdikcə getdikcə artacaq. Bunun da əsas səbəbi ondan ibarətdir ki, döyüşən iki tərəf olsa da, prosesdə maraqlı olan kifayət qədər siyasi aktor var. Rusiya, ABŞ, İran, Türkiyə və digər beynəlxalq güclərin hər birinin Yaxın Şərqdəki vəziyyətlə bağlı öz maraqları var".

K.Novruzov hesab edir ki,  Yaxın Şərqdə başlayan müharibə ilə bağlı iki əsas versiya var: "Bəzilərinin fikrincə, bu, Rusiyanın maraqlarına uyğundur. Çünki Rusiya Ukraynadan diqqəti yayındırır, ABŞ- ın diqqətini Yaxın Şərqə çəkir və indi ABŞ hər iki cəbhədə vuruşmalıdır. Bu da ABŞ-ın Ukraynaya dəstəyini azaldır. Bəzi ekspertlər belə düşünür, Bəzilərinin fikrincə isə, əksinə, bu, ABŞ-ın layihəsidir və ABŞ artıq Rusiyanın işini həll edib. İndi Yaxın Şərqdə Şərqi Avropa ssenarisini təkrarlayır və ərəb dünyası ilə haqq- hesabı çürütmək qərarına gəlib. Hansının doğru olduğunu zaman göstərəcək. İndidən nə isə demək çətindir. Amma Ağ Ev rəsmisinin və bundan qabaq da Lavrovun dediklərində çox ciddi həqiqət var. Doğrudan da, çox keçməyəcək ki, biz  Həmasla İsrail arasında baş verən toqquşmanın artıq  Yaxın Şərq aləmində regional müharibəyə  çevriləcəyinin şahidi olacağıq. Artıq Liviya birbaşa olmasa belə müharibəyə qoşulub. Liviya ərazisindən İsrail ordusu atəşə tutulur. İsraildən Liviyadakı hədəflər  vurulur. Eyni zamanda Suriyadan atəş açılır. İsrail Suriyadakı hədəfləri vurur və şübhəsiz ki, bu prosesin davamı da gələcək".

Siyasi şərhçi vurğuladı ki, digər ərəb ölkələrində, regional ölkələrdə də bu cür halların şahidi olacağıq: "Hətta indi bəzilərinə bu utopiya kimi gələr. Amma mən istisna eləmirəm ki, müharibə davam edərsə, gələcəkdə Misiri də savaşa qoşulmağa məcbur edəcəklər. Heç kim müharibəyə könüllü qoşulmur, amma məcbur edirlər, tələyə salırlar. Qətiyyən. istisna eləmirəm ki, Misir də bu tələyə düşə bilər". 

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti