Son vaxtlar həyət evləri və torpaqların qiymətinin artması müşahidə edilməkdədir. Bakıətrafı kənd və qəsəbələrdə əvvəllər 1 sotu 2-3 min manata torpaq tapmaq mümkün idisə, indi qəsəbələrin mərkəzi ərazisində 15 min manatdan baha, mərkəzdən birqədər aralıda isə 5, 7, 10 min manata torpaq tapmaq mümkündür. Həyət evlərinin qiymətində də 20-25 faiz civarında artım müşahidə edilməkdədir.
Ekspertlər isə torpaq bazarında qiymət artımı davam edəcəyini, bundan sonra hətta bir az da bahalaşacağını deyirlər. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, , tikinti şərtləri ağırlaşdırılıb, o cümlədən, fərdi yaşayış evlərinin tikintisi ilə bağlı şərtlər sərtləşdirilib. Oktyabr ayının 1-dən kommunal istiqamətdə qanunvericiliklə bağlı ciddi dəyişiklik olub. Misal üçün, işıq, qaz, su şəbəkələrinə qoşulmaq yalnız sənədləri qanunvericiliyin tələbinə tam olaraq uyğun olan tikililər üçün mümkün olacaq. Hansı tikililərin, fərdi yaşayış evlərinin sənədləri qaydasında deyilsə, onlar işıq, qaz, su şəbəkələrinə qoşula bilməyəcək.
Yəni belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə, təbii ki, qiymətin artımına təsir göstərən amildir. Yəni sənədli torpaq sahələrinə tələb artacaq və nəticə etibarilə torpaq sahələrinin qiyməti bahalaşacaq. Bu, eyni zamanda, sənədləri qaydasında olan fərdi yaşayış evlərinin də qiyməti artacaq.
Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Ümumilikdə Bakıətrafı qəsəbələrdə həyət evi və torpaq sahələrinin bahalaşmasına gəlincə, bu barədə Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu artımın əsas səbəbi şəhərin özündə mənzillərin bahalaşmasıdır: "Mənzillər o qədər sürətlə bahalaşdı. Əsasən də bu, ipotekanın daha əlçatan olmasından sonra. İpoteka kreditləri faiz dərəcələrinə görə deyil, rəsmiləşdirmə məsələsi ilə bağlı daha əlçatan oldu. Faizlərin yüksək olmasına baxmayaraq, banklar daha rahat şəkildə ipoteka verməyə başladılar və nəticə etibarilə Bakıda qiymətlər həddindən artıq qalxı. Vətəndaşlar da məntiqlə düşünürlər ki, yəni hətta sotunu 3-5 minə alsalar belə, Bakıətrafı qəsəbələrdən 3 sot torpaq alıb, orada ikimərtəbəli ev tikmək mümkündür. Yəni çox söhbət lüks villalardan getmir təbii ki. Yaşamaq üçün ən azından 120- 130 kvadratmetrlik mənzil tikmək mümkündür. Nəticə etibarilə də nə alınır? O alınır ki, 130 -140 hətta kvadratlıq həyət evi tikirsənsə. hətta gələcəkdə övladın da bu evdə qala bilər. Birinci mərtəbədə valideynlər, ikinci mərtəbədə övladlarından biri ailə qurub yerləşə bilər. Amma şəhərdə mənzillərdə bu mümkün deyil. İkimərtəbəli həyət evinə xərclənən vəsaitin 2 qatına şəhərdə ikiotaqlı ev almaq mümkündür, o zaman da ailənin yerləşməsi çətin olur. Yəni əsas səbəb praqmatik yanaşmadan doğur".
Nərgiz,
Sitat.info