2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr, nəticədə bir nəfər zabitin ölümüylə bağlı 9 aya yaxındır davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Sitat.info xəbər verir ki, Beyləqandakı işgəncələrə görə mühakimə olunanlar məhkəmədə son sözlərini deyiblər.
Hakim önünə çıxarılmış 5 nəfərin arasında general-mayor Bəkir Orucov da var. O, 2022-ci ilin sentyabrında həbs olunanda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi. Beyləqanda bu hadisələr yaşananda isə korpusun qərargah rəisi olub.
General məhkəmədə son sözündə deyib ki, işgəncələrə göstəriş verənlər, nəzarət edənlər kənarda qalıb, onlar isə “zəif bənd” kimi, qurbanlıq seçiliblər. Bəkir Orucov vurğulayıb ki, nazirin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə onları cəzalandırırlar. Onun sözlərinə görə, proseslər Müdafiə Nazirliyinin rəhbərliyinin nəzarəti altında, korpus komandiri Mais Bərxudarovun göstərişi ilə baş verib.
“Xainlər siyahısını kim tərtib edib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Mais Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim? Korpus komandirinin xəbəri və icazəsi olmasaydı, təhqiqatçı gəlib nəinki kiməsə işgəncə vermək, heç içəri girə bilməzdi. Heç Rauf Kişiyev(Müdafiə Nazirliyinin Hüquq İdarəsinin o vaxtkı rəisi-red.) gəlib orada kimisə həbs etdirə bilməzdi. İndi kimin adamı, pulu var, hamısı vəzifədə, bizi qurban seçiblər”, - təqsirləndirilən generalın sözləridir.
Bəkir Orucov hesab edir ki, o ərəfədə həqiqətən xəyanət olub, sadəcə, konkret kimlərin xain olduğu düzgün müəyyənləşdirilməmişdi. Nəticədə Tərtər və Beyləqanda yüzlərlə hərbçiyə işgəncələr verilib, 10 nəfərdən çox adam öldürülüb:
“Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı korrupsiya üzə çıxır, deyir ki, xəbərim yoxdur. Tərtər hadisələrindən xəbəri yoxdur. Bəs nədən xəbəri var?”
Təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı olmuş, Beyləqan hadisələri ərəfəsində ora ezam olunan İntiqam Məmmədov son sözündə deyib ki, korpus komandiri Mais Bərxudarov nazirliyə siyahı göndərmişdi. Orada adları çəkilən şəxslərin düşmənlə əməkdaşlıqda şübhəli bilindiyi iddia olunurdu: “İndi Mais Bərxudarov kənarda qalıb, mənə ittiham veriblər ki, guya ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Yaxud da yazıblar ki, guya mən kimlərisə vəzifədən əsassız və qanunsuz həbs eləmişəm. Əmri verən Baş Qərargah rəisi, korpus komandiri. Mən Nəcməddin Sadıxova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar? Bu qədər yalan olar?”
İ.Məmmədov deyir ki, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovla münasibətləri yaxşı deyildi. Qərəzli münasibətinə görə də onu əsassız cəzalandırmışdı, iclasdan qovmuşdu: “Nəcməddin Sadıqovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu...”
Özündən öncəki iki təqsirləndirilən kimi, Rahib Məmmədov da son sözündə bəraət istəyib. O bildirib ki, Beyləqanda sorğu-sualda cəmi 15 dəqiqə iştirak edib. Bu prosesdə fəal iştirak edən, hətta zorakılığa yol verən təhqiqatçılar kənarda saxlanılıb, onu cəzalandırırlar.
“Mən Yazıçılar Birliyinin üzvüyəm. 3 roman, 9 şeir kitabım var. Həm qələmimlə, həm də zabit kimi bu xalqa xidmət etmişəm. Mən şərəfimi satmadığıma görə cəzalandırılmışam. Belə çıxır ki, davam edir 37... Mən şərafət dustağıyam. Amma qalib ordunun məğlub zabiti olmaq istəmirəm”, - R.Məmmədovun sözləridir.
Korpusda təlimatçı olmuş Ülvi Rəşidovun son sözü qısa olub. O da bəraət istəyib.
Təqsirləndirilən şəxslərdən yalnız snayper bölüyünün komandiri Ziya Kazımovun son sözü qalıb. Məhkəmə iclasında onun durumu pisləşib. Məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Həkimlərin rəyi əsasında məhkəmə prosesi dekabrın 28-nə qədər təxirə salınıb.