Putinin Rusiya vətəndaşlığı üçün təhlükəli fərmanı…

18:51 4 Yanvar 2024

Kreml sahibi Vladimir Putinin orduda hərbi xidmət keçmək üçün müraciət edən əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərmanı Rusiya vətəndaşlığı barədə düşünənlər üçün təhlükəli gedişdir. Çünki Kreml bu üsulla Ukrayna ilə müharibədə müxtəlif millətlərin nümayəndələrini Rusiyanın işğalı naminə ölümə göndərmək istəyir.

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Putinin bu qərarı həm də onun təsdiqidir ki, Rusiyanın müharibədə itkilərinin miqyası böyükdür, ölənlərin yerini doldurmağa çalışır. Ancaq ölənlərin yerinə gələnlərin çox as hissəsi Rusiya vətəndaşlığından faydalana biləcək, çünki onları da mənasız müharibədə ölüm gözləyir, Rusiyaya apardıqları ailələri isə başsız qalacaq. Odur ki, müharibədə iştirak yolu ilə Rusiya vətəndaşlığına yiyələnməyə dəyməz”, - politoloq vurğulayıb.

Qeyd edək ki, Vladimir Putinin fərmanına əsasən, 2014-cü il martın 18-dən əvvəl doğulmuş, Krım və Sevastopolda yaşayan Ukrayna vətəndaşları Rusiya vətəndaşlığı üçün müraciət etmək hüququ qazanacaqlar. Vətəndaşlığı olmayan Krım vətəndaşları da eyni hüquqa malik olacaqlar.

Eyni zamanda, fərmanla Rusiya Silahlı Qüvvələrinin müqaviləli əsgəri kimi Rusiya-Ukrayna münaqişəsində iştirak etmiş və ya iştirak edən əcnəbilər və onların ailə üzvləri də daxil olmaqla, bir sıra kateqoriyadan olan şəxslərin ailə üzvləri də Rusiya vətəndaşlığı hüququ əldə ediblər.



Xəbər xətti