"Rusiya 2024-cü ildə də Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək. Bunu Rusiya prezidenti Vladimir Putinin və digər rusiyalı rəsmilərin açıqlamalarından müəyyənləşdirmək olar. Müharibənin səngiyəcəyinə və tərəflər arasında danışıqların başlayacağına dair heç bir əlamət yoxdur.
Rusiya müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə - Çin və Hindistana yönəldib: "Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin Rusiya qazını almaqda davam etsə də, Pekin mavi yanacağı Mərkəzi Asiya ölkələrindən də almaqda davam edir. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir.
“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın. Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı. Ancaq iqtisadi ekspertlər bu gedişatın müvəqqəti olduğunu qənaətindədirlər. Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır.
Bu arada, “Reuters” agentliyinin yaydığı məlumata görə, Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb. Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazir bildirib ki, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır. Nazirin sözlərinə görə, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir.
Hindistan Rusiyadan gündəlik 1.5 milyon barel neft alır. Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq. “Bloomberg” agentliyi ötən ilin dekabrında belə bir xəbər yaymışdı ki, Rusiyanın neft daşıyan 6 tankeri Hindistan limanlarında qəbul olunmamışdı. Bu Rusiya üçün yeni çətinliklər yaradır".
Politoloq vurğulyıb ki, Hindistan Rusiyadan neft alışını azaldarsa başqa ölkələrlə yanaşı Azərbaycandan da neftin alışını artıra bilər: "Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir".
Məğrur,
Sitat.info