Rusiyalı iş adamları 2023-cü ildə sərvətlərinə milyardlar əlavə etməyi bacarıblar

16:17 9 Yanvar 2024

Ukraynadakı müharibədən sonra ölkəyə və iş adamlarına qarşı sanksiyalara görə 2022-ci ildə sərvətlərinin 93,7 milyard dollar azaldığını görən rus iş adamları 2023-cü ildə bu vəziyyəti tərsinə çevirdilər.

Bloomberg Milyarderlər İndeksində yer alan 25 rusiyalı milyarderin ümumi sərvəti yanvarın 2-nə 50 milyard dollar artaraq 328,53 milyard dollara çatıb.

Mədən nəhəngi Norilsk Nikelin sahibi Vladimir Potanin sərvətini əvvəlki ilə nisbətən 2,49 milyard dollar artıraraq 31,1 milyard dollara çatdırıb və  Rusiyanın ən varlı adamı olmağa davam edib. İkinci yerdə hazırda Rusiyanın ikinci ən böyük təbii qaz istehsalçısı olan "Novatek"in həmsahibi Leonid Mixelson qərarlaşıb. 2023-cü ildə kapitalını 27,5 milyard dollara çatdıraraq 2,83 milyard dollar qazanıb.

Rusiyanın enerji nəhəngi “Lukoyl”un keçmiş rəhbəri və hələ də şirkətin böyük payına sahib olan Vaqit Ələkbərov üçüncü olub. O, keçən il 9,3 milyard dollar qazanıb və xalis sərvətini 24,7 milyard dollara çatdırıb. Rusiyanın ən böyük polad istehsalçısı NLMK-nın sədri Vladimir Lisin ilin sonuna 23,9 milyard dollar (4,08 milyard dollar artım) ilə dördüncü yerdə qərarlaşıb.

İlk beşlikdə daha bir ad Rusiyanın ən böyük dəmir filizi istehsalçısı Metalloinvest və MegaFon mobil operatoruna nəzarət edən USM investisiya qrupunun 49 faizinə sahib olan Əlişir Usmanov olub. Onun sərvəti keçən il 2,61 milyard dollar artaraq 21,1 milyard dollara çatıb.

Bloomberg-in siyahısına polad nəhəngi Severstal-ın sədri, Eurochem və SUEK şirkətlərinin təsisçisi Aleksey Mordaşov, Andrey Melniçenko, Mixail Proxorov (Oneksim qrupu), Gennadi Timçenko (Novatek və Siburun ortaq sahibi) və Mixail Fridman (Alfa Group) da daxildir.

Siyahıdakı 25 rusiyalı milyarderdən yalnız birinin sərvəti 2023-cü ildə azalıb: Rusiyanın gübrə istehsalçısı Acron-un əsas səhmdarı Vyaçeslav Kantorun sərvəti ötən illə müqayisədə 149 milyon dollar azalaraq 6,21 milyard dollara düşüb.

Məğrur, 

Sitat.info



Xəbər xətti