"1 manatlıq" taksilər dövrü qapandımı: Sürücülər narazıdır...

17:46 10 Yanvar 2024

Yanvarın 1-dən qüvvəyə minən yeni qaydalardan sonra paytaxtın müxtəlif istiqamətlərində fəaliyyət göstərən "1 manatlıq" taksilərin də fəaliyyəti mümkünsüz olub. Məlum olduğu kimi, bir tərəfdən ictimai nəqliyyat sahəsindəki problemlər və yetərsizlik, digər tərəfdən işsizlikdən əziyyət çəkənlərin bu işə maraq göstərməsi paytaxtda və Bakıətrafı qəsəbələrdə "1 manatlıq" taksi fəaliyyətini günümüzün reallığlna çevirmişdi. Hazırda bu taksilər əvvəlki kimi dayanıb sərnişin götürə bilmir və cərimələrin yüksək olması da onları çəkindirir. Bəs bunların birdən -birə ləğvi həm ondan istifadə edən sərnişin kütləsinin, həm də bu işə gündəlik çörəkpulu olaraq baxanların güzəranına necə təsir göstərəcək?

Sitat.info-ya bu barədə danışan AYNA-nın mətbuat katibi Tural Orucov bildirdi ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər: "Təlimləri müvəffəqiyyətlə bitirən taksi sürücülərinə şəhadətnamələr təqdim olunur. 

Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq".

T.Orucov vurğuladı ki, sərnişinlərin daşındığı avtomobilin vəziyyəti də önəmlidir: "Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təkliflər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.

Taksi fəaliyyəti ilə məşğul olmaq üçün bütün şəxslər qanunvericiliyə uyğun olaraq yuxarıda qeyd edilən proseslərdən keçməlidirlər".

Məğrur,

Sitat.info



Xəbər xətti