"Amerikada bu il hər şey, o cümlədən Ukaynaya dəstək məsələsi prezident seçkilərinə hesablanıb. Baydenin reytinqi çox aşağıdır, hərbi məğlubiyyətlər də onun dosyesinə yazılıb.Əfqanıstandan biabırçı şəkildə çıxması unudulmayıb. Respublikaçılar Baydenin zəif yerini tapmağa çalışırlar. İqtisadiyyatda problemlər var. Ölkədə benzinin qiyməti yüksəkdir. Xarici siyasətdə boşluqlar yaratdılar, Çin gücləndi. Rusiyanı məğlub etmək də mümkün olmadı".
Bunu Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, indi onlar seçkiyə qədər bu uğursuzluğun hekayəsini düzəltmək istəyirlər: "Hazırda Respublikaçılar Demokratlardan daha sərt mövqe ortaya qoyublar ki, niyə Ukraynaya yardım etmirsiniz. İndi orada hər sözün, hər həmlənin əhəmiyyəti var. Respublikaçılar gördülər ki, demokratlar uğursuzluğun səbəbini Zalujnı ilə Zelenskinin münasibətlərində, idarəetmənin zəifliyində tapmaq istəyirlər. Respublikaçılar bunu görən kimi dərhal əks həmlə etdilər ki, bu Zelenskinin zəifliyi yox, demokratların idarə etdiyi Amerikanın zəifliyidir. Tramp da vurğuladı ki, mən 24 saata müharibəni bitirəcəm. Bunu necə edəcəyini də demir. Ancaq bildirir ki, bunu edəcək və Amerikanın nüfuzunu da, bir nömrəli olduğunu da hamıya sübut edəcək".
N.Cəfərlinin sözlərinə görə, Respublikaçıların iradları haqlıdır ki, iqtisadiyyatda, daxili siyasətdə uğurlar yoxdur: "Tramp benzinin qiymətinin öz dövründə daha ucuz olduğunu deyir və seçicilər də ona dəstək ifadə edirlər. Çünki amerikalı üçün nəinki Ukrayna, Tayland və sair, heç öz ştatından başqa ştatlar da maraqlı deyil. Onlara qazanc və benzinin qiyməti maraqlıdır. Avtomobil ölkəsidir və orada hər ailədə azı iki maşın var. Orada bir çox şəhərlərdə ictimai nəqliyyat belə yoxdur. Yəni bezninin baha olması onların fikirlərini Respublikaçıların xeyrinə dəyişə bilər. Daha savadlı kəsim isə xarici siyasətə də diqqət verir. ABŞ-ın orada da uğursuzluqları var. Çin, Rusiya, Ərəb ölkələri hərəsi öz işindədir və ABŞ-a fikir verən yoxdur".
Nərgiz,
Sitat.info