Avropa ölkələri son 5 ildə silah idxalını iki dəfə artırıb: Rusiya-Ukrayna müharibəsi bu silahlara tələbi artırıb...

16:07 11 Mart 2024

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah transferlərinə dair hesabatına görə, Avropaya döyüş təyyarələri, tanklar və sualtı qayıqlar kimi silahların idxalı 2014-2018-ci illər ilə müqayisədə 2019-2023-cü illərdə təxminən 94 faiz artıb.

Sitat.info xəbər verir ki, məlumata görə, Avropanın ən böyük idxalçısı Ukrayna olub və qitənin ümumi silah idxalının 23 faizini həyata keçirib.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Qərb ölkələrinin Kiyevə hərbi yardımının artması ilə Ukraynanın 2019-2023-cü illərdə dünyanın dördüncü ən böyük idxalçısı olması diqqət çəkib.

Rusiya-Ukrayna müharibəsi qlobal silah bazarını əhəmiyyətli dərəcədə dəyişdirsə də, Ukrayna üçün ən vacib iki ixrac ölkə idxal mallarının 69 faizini təmin edən ABŞ və 30 faizini təmin edən Almaniya olub.

ABŞ 2014-2018-ci illər ilə müqayisədə 2019-2023-cü illərdə silah ixracatını 17 faiz artıraraq bu sahədə liderliyini qoruyub. Eyni dövrdə Rusiyadan silah tədarükü 53 faiz azalıb.

2019-2023-cü illərdə 107 ölkəyə silah satan ABŞ bu sahədə “qlobal silah tədarükçüsü” rolunu artırıb və son 5 ildə daha çox ölkəyə silah ixrac edib.

Rusiya iki ən böyük silah tədarükçüsündən biri deyil
Rusiya 2019-cu ildə 31 ölkəyə əhəmiyyətli həcmdə silah ixrac etdiyi halda, keçən il bu rəqəm 12 ölkəyə düşüb. Rusiya Fransaya iki ən böyük silah tədarükçüsündən biri titulunu uduzub.

Fransanın silah ixracatı sözügedən dövrdə 47 faiz artdığı halda, 1950-ci ildən bəri ilk dəfə Rusiyanı geridə qoyaraq ikinci ən böyük silah ixracatçısı oldu. Fransanın silah ixracında ən böyük pay 42 faizlə Asiya və Okeaniya ölkələrinə, 34 faizi isə Yaxın Şərq ölkələrinə aiddir.

SIPRI Silah Transfer Proqramının baş tədqiqatçısı Pieter Şezeman mövzu ilə bağlı açıqlamasında, Avropanın silah idxalının yüksək səviyyədə qalacağını, 800-ə yaxın döyüş təyyarəsi də daxil olmaqla çoxlu qiymətli silahların sifariş edildiyini deyib: "Son iki ildə biz də gördük ki, hava hücumundan müdafiə sistemlərinə tələbat artıb. Bu tələb Rusiyanın Ukraynanı havadan bombalaması nəticəsində yaranıb".

Qərb ən böyük silah ixracatçısıdır


2014-2018-ci illərdə qlobal silah ixracatındakı payı 62 faiz olan ABŞ və Qərbi Avropa ölkələrinin, 2019-2023-cü illərdə 72 faizə yüksəlməsi də diqqət çəkib. Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniya qlobal silah sənayesində də “Böyük beşlik”dən biri olduğu halda, bu ölkənin silah ixracı 2014-2018-ci illər ilə müqayisədə 2019-2023-cü illərdə 14 faiz azalıb.

SIPRI-nin məlumatına görə, Hindistan dünyanın ən böyük silah idxalçısı olub, bu ölkənin silah idxalı isə 4,7 faiz artıb.

Səudiyyə Ərəbistanı 2019-2023-cü illərdə qlobal silah idxalının 8,4 faizini təşkil edərək, dünyanın ikinci ən böyük silah idxalçısı olub. Son 5 ildə silah idxalı kəskin artan Qətər, dünyanın üçüncü ən böyük silah idxalçısı olaraq qeyd olunur.

Yaxın Şərq ölkələrinin silah idxalının 52 faizini ABŞ təmin edib və onu 12 faizlə Fransa, 10 faizlə İtaliya və 7,1 faizlə Almaniya izləyib.

Nərgiz,

Sitat.info



Xəbər xətti