Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edilməsi Ermənistanda etiraza səbəb olub.
Mövzu ilə bağlı Sitat.info-ya AMİP sədri Arzuxan Əlizadə açıqlama verib.
Onun sözlərinə görə, Ermənistan tərəfi müharibəyə maraqlı deyil:
"Paşinyan torpaqların verilməsi ehtimalını dəfələrlə həmin kəndlərin sakinləri ilə görüşündə deyib. Bunun alternativi müharibədir ki, Ermənistan tərəfi təbii ki, müharibə olmasında maraqlı deyil. Çünki Ermənistan müharibənin nə ilə nəticələnəcəyinin fərqindədir".
Partiya sədri qeyd edib ki, Paşinyan hakimiyyəti etirazçılardan güclüdür:
"Bu etirazın əksi müharibədir. Paşinyan bununla erməni cəmiyyətini qorxudaraq etirazların səngiməsinə nail ola bilir. Çünki ermənilər çox gözəl anlayırlar ki, paramparça olmuş orduları ilə Azərbaycanın qarşısında dura bilməzlər və əgər müharibə olacaqsa, təbii ki, Azərbaycan daha böyük ərazilərə nəzarət etmək imkanı qazanacaq. Ona görə də etiraz aksiyaları çox da böyük vüsət almayacaq, Paşinyan hakimiyyəti üçün ciddi təhlükə törətməyəcək".
Arzuxan Əlizadə bildirib ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Alma-Atadakı görüşündə də delimitasiya prosesi müzakirə olunacaq: "Qazaxın daha üç kəndi, Anklav olan kəndlərimiz və Naxçıvanın Kərki kəndi müzakirə mövzusu olaraq gündəmdədir və ondan sonra isə digər məsələlər gündəmə gələcək. Ümumilikdə sərhədlərin müəyyənləşməsi prosesində də Azərbaycanın bundan sonrakı etapda da tələbləri, şərtləri birmənalı olaraq qəbul edilməlidir".
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Türkan
Sitat.info