Çin Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirir

11:31 18 İyul 2024

"Mərkəzi Asiya ölkələri təhlükəsizliklərini müxtəlif formalarda gücləndirirlər. Bu ölkələrin bir qismi Rusiya ilə təhlükəsizlik sahəsində tərəfdaşlıq əlaqələri qursalar da, ABŞ-la dialoqdan da imtina etməyiblər. Tacikistan isə təhlükəsizlik sahəsində Rusiya ilə yanaşı Çinlə də əməkdaşlığa üstünlük verib. Böyük Britaniyanın “The Telegraph” nəşrində yayımlanan məqalədə peyk görüntülərinə istinadən Çinin Tacikistanda məxfi hərbi baza inşa etdiyi bildirilib. Pekin bu məlumat dərhal təkzib edib. “Mən sizə tam əminliklə deyə bilərəm ki, Çin müstəqil xarici xarici siyasətə sadiqdir və Mərkəzi Asiyada heç bir hərbi bazası yoxdur” - bu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jianın açıqlamasındandır. Qərb Pekinin təkzibinə inanmayıb. Çünki, Çin 2014-15-ci illərdə Afrikada - Cibutidə hərbi baza tikməsinə dair xəbərləri də təkzib etmişdi, ancaq sonradan hərbi bazanın varlığı təsdiq olundu".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Tacikistanda hərbi baza Çinin nəyinə lazımdır sualına gəlincə, politoloq bildirib ki, bəzi məlumatlara görə, Çinin Tacikistandakı lokal hərbi bazası Əfqanıstanla sərhəd yaxınlığındadır: "Çinin Tacikistanda böyük yatırımları var, mədənlərdən faydalı qazıntılar çıxarılır. Çin Tacikistanın ən böyük xarici investoru və əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollardır. Bu maliyyə sıxıntısı yaşayan Tacikistan üçün böyük rəqəmdir".

E.Şahinoğlu əlavə edib ki, Pekinin Düşənbə ilə əlaqələri Çin lideri Tsi Si Cinpinin Tacikistana səfərindən sonra daha da güclənib: "Bunların fonunda Çin Tacikistanda təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib. Çin Tacikistan üzərindən Əfqanıstanda fəaliyyət göstərən “Şərqi Türküstan İslam Hərəkatı”na qarşı mübarizəni gücləndirəcək. Bu baxımdan Tacikistan-Əfqanıstan sərhədinin qorunması Çin üçün vacibdir".

Nərgiz,

Sitat.info



Xəbər xətti