Artıq VI çağırış Parlamentin formalaşması üçün seçki prosesi tam gücü ilə start götürüb. Demək olar ki, əksər dairələr üzrə partiyaların namizədləri, o cümlədən müstəqil namizədlər bəllidir. Diqqətçəkən məqamlardan biri də REAL partiyasının icraçı katibi Natiq Cəfərlinin 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini açıqladıqdan sonra, ötən parlamentdə Bərdə rayonunu təmsil edən deputat Zahid Orucun da namizədliyini 33 saylı dairədən irəli sürməsi olub.
Bu barədə Sitat.info-ya açıqlama verən deputatlığa namizəd Natiq Cəfərli bildirib ki, Zahid Orucun qərarı onun üçün gözlənilməz olub.
"Zahid Oruc illərdir ki, rayonların birindən namizədliyini irəli sürür. Onun birdən-birə Bakı şəhərinə, 33-cü dairəyə gəlməsi gözlənilməz oldu. Açığı mənim üçün fərqi yoxdur, istənilən rəqiblə sona qədər mübarizə aparmağa bacarığımızın, gücümüzün, resursumuzun olduğuna inanıram, böyük komandamız var. Artıq imza toplama prosesimiz yekunlaşır, sabah təhvil verəcəyik. 50 nəfərdən ibarət müşahidəçi komandamız formalaşıb. Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur. Çox güman ki, bu qərarı verənlər üçün fərqi var. Zahid Oruc ölkədə kifayət qədər tanınmış insandır, yaxşı nitqi, çıxış eləmək qabiliyyəti var. Ola bilər ki, mənimlə eyni dairədə məhz elə bir insanın mübarizə aparan biləcəyini düşünərək belə məsləhət biliblər. Hər bir halda bu günə qədər kim xalqın, insanların gözləntilərinə cavab verib, onların fikirlərini ifadə edibsə, insanlar da ona qiymət verəcəklər. Uğurlu olan qazansın".
Məğrur,
Sitat.info