"Vətəndaşlardan alınan artıq ödənişlər geri qaytarılmalıdır"

18:50 21 Avqust 2024

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlum qərarı olmasına baxmayaraq, "Aztelekom" dövlət şirkətinin, sektorun təbii inhisarçısının yerli qovşaqları ödənişləri artıq yeni tariflər üzrə tələb edirlər. Bununla bağlı ciddi narazılıqlar müşahidə olunur. Qanunvericiliyə görə, Antiinhisar Dövlət Xidmətinin araşdırması əsasında inhisarçının haqsız olması sübuta yetirilərsə, vətəndaşlardan internet xidməti üzrə alınan artıq ödənişlər geri qaytarılmalıdır".

Sitat.info xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

osman.jpg (66 KB)

O əlavə edib ki, indiki məqamda müqavilə və ödəniş sənədlərini saxlamaq doğru olardı:

"Yerlərdən daxil olan məlumatlar, sosial mediada yazılanlar onu göstərir ki, regionlarda internetdən imtina edənlər və "şərikli internet"ə üstünlük verən ailələr artıb.

Əlbəttə, indiki halda ikincisi daha doğru seçimdir. Burada hansısa qanun pozuntusu yoxdur. Biz də regionlarda yaşayanlara, yüksək sürətlərə və yüksək ödənişə imkanı olmayanlara internetdən imtinaya deyil, "şərikli internet"ə üstünlük erməyi tövsiyə edirik.

Yeni ödənişlər üzrə xidmət alanlar 100 Mbit/s sürət əldə edə bilmədiklərini açıqlayırlar. Bu, öncədən də bəlli idi. "Aztelekom" "Delta"dan imtina edib yeni magistral provayderə çevriləndən sonra belə bir infrastruktura sahib deyildi. Yəni necə deyərlər, "çəkidə aldatmaq" davam edəcək. Odur ki, istifadəçilərin bu faktları rəsmiləşdirərək provayderə,  İKTA və Antiinhisara göndərməsi sosial mediada faydalı olardı. İKTA-nın bununla bağlı faydalı bir E-şikayət sistemi də var.

"Starlink" peyk operatorunun ölkəmizdə fəaliyyətə başlaması istiqamətində RİNN və "Azərkosmos"un addımları təqdirəlayiqdir.
Hədsiz ucqar ərazilərə keyfiyyətli internet üçün bahalı infrastruktur qurmaq əvəzinə alternativlərə üstünlük vermək məntiqlidir".

Ekspert qeyd edib ki, sektorun tənzimləyici qurumu olan İKTA hələ də internetin minimal tarif artımına, internet xidməti alanların seçim imkanlarının məhdudlaşdırılmasına və Antiinhisarın qərarına münasibət bildirməyib.

Sitat.info 



Xəbər xətti