"Rusiya lideri Vladimir Putin Kurskdakı vəziyyətlə əlaqədar məsuliyyət payını üzərindən atmaq kampaniyasını uğurla davam etdirir. Onun Ukraynanın Rusiya ərazilərinə daxil olması ilə bağlı kifayət qədər sözünü deməməsi və özünü yalnız bir neçə ictimai bəyanatla məhdudlaşdırması bu fikrin təsdiqidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
O bildirib ki, Ukraynanın Kurskdakı irəliləyişlərində nəzərəçarpacaq səngimə var və bu onu göstərir ki, Kiyevin planı Rusiya qoşunlarının Ukraynadakı prioritetlərinə təzyiq yarada bilmir: "Rusiyanın Donetskdəki təmas xəttini irəli çəkməsi Ukraynanı çətin vəziyyətə salır. Ukraynanın Kurska daxil olması ilk günlərdə informasiya məkanında və hərbi-siyasi müstəvilərdə şok effekti yaratsa da, yaşanan durğunluq Kiyevin heyrətamiz sürprizi əlindən buraxdığına dair təsvvürlər formalaşdırır".
A.Kərimov hesab edir ki, Rusiyanın Ukraynadakı hərbi kampaniyası rəsmi Moskvanı əlavə daxili təhlükəsizlik çətinlikləri ilə üzləşdirəcək: "Rusiya daxilində ekstremizm hərəkatında dönüş mərhələsinə daxil olunması üçün Moskvanın rəqiblərinin plan hazırladığını deyə bilərik. Əvvəldən qeyd etdiyim kimi, Ukraynanın Kursku yüksək səviyyəli cəbhə sektoru kimi prioritetləşdirməsi Moskvanın aviasiya hücumlarının şiddətlənməsinə gətirib çıxardı. Rusiyanın bu gün Ukraynanı intensiv aviasiya hücumlarına məruz qoyması Kurskdakı döyüşlərin Moskvanın toparlanmasına ciddi maneə yaratmadığını göstərir".
Nigar,
Sitat.info