İlham Əliyev Ermənistanı Azərbaycanın əyalətinə çevirmək istəyir?

17:58 29 Avqust 2024

Erməni İnqilabi Federasiyasının (Daşnaksütyun) ABŞ-da işıq üzü görən “Armenian Weekly” həftəlik nəşrində “Ermenistan: The new province of Azerbaijan?” (Ermənistan: Azərbaycanın yeni əyaləti?) adlı məqalə yayımlanıb. Maraqlıdır ki, ermənilər ingilis dilində yazılan məqalədə Ermənistan sözünün məhz Azərbaycan türkcəsində yazıblar.

Məqalədə qeyd olunub ki, son illər ərzində İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ermənistana qarşı təcavüzkar siyasət yürüdür. Bu isə Ermənistanın suverenliyi və gələcəyi ilə bağlı narahatlıq yaradır.

Məqalənin müəllifi olan Ara Nazaryan İlham Əliyevin “arsax”ı və Ermənistan ərazinin bir hissəsini işğal etdiyini yazıb:

“Bütün bunlar azmış kimi, İlham Əliyevin son tələbləri bir daha ondan xəbər verir ki, Azərbaycan prezidenti Ermənistan dövlətçiliyini sarsıtmaq üçün daha geniş strategiyaya malikdir. 2020-ci ildən Azərbaycan Ermənistanın 200 kvadrat kilometr ərazisini işğal edib, öz bayrağını strateji yüksəkliklərə sancıb. Bu hərbi təcavüz Ermənistanın siyasi və mədəni mənzərəsini yenidən formalaşdırmaq üçün bir sıra tələblərlə müşayiət olunur. Əliyev təkid etdi ki, Ermənistan “arsax”ın öz müqəddəratını təyinetmə hüququna və 1915-ci il “erməni soyqırımı”na heç bir istinada yol vermədən yeni konstitusiya qəbul etməlidir. Bu tələblər təkcə ərazi mübahisələri ilə bağlı deyil. Bu tələblər Ermənistanın tarixi gerçəkliyinə və milli kimliyinə birbaşa meydan oxumaqdan başqa bir şey deyil”.

Daşnak yazara görə, İlham Əliyevin strategiyasının əsas komponenti ondan ibarətdir ki, Qərbi azərbaycanlılar Ermənistana köçürülməlidir:

“Bu plan 300.000 azərbaycanlının silahlı birləşmələr yaratmaq və üçüncü ölkənin, ehtimal ki, Türkiyənin əsgərləri tərəfindən müdafiə olunmaq hüququ ilə Ermənistana qaytarılmasını nəzərdə tutur. Əliyevin tələbləri mədəni və təhsil hüquqlarını, o cümlədən erməni vergi ödəyicilərinin Azərbaycan dilində təhsil və məscid tikintisini maliyyələşdirməsini əhatə edir. Bu plan baş tutarsa, Ermənistanda demoqrafik tarazlıq pozulacaq”.

Məqalənin sonunda müəllif həyəcan təbili çalaraq yazır ki, bu tələblər yerinə yetirilərsə, Əliyevin Sovet İttifaqının dağılmasından sonra Ermənistanın etnik təmizləmə aparması ilə bağlı revizionist iddiaları qanuniləşəcək:

“Bu uydurma iddialar məcburi köçkün azərbaycanlılar üçün kompensasiya və “Ailələrin birləşmə planı” çərçivəsində Ermənistana məhdudiyyətsiz immiqrasiya kimi əlavə tələblərə yol aça bilər. Bu ssenaridə ermənilər öz ata-baba torpaqlarında azlığa çevrilərək öz xarakterini və suverenliyini itirə bilər.

İlham Əliyevin tələblərinin nəticələri dərinə gedəcək və Ermənistanı Türkiyə-Azərbaycan ittifaqının təsiri altında olan “Ermənistan” əyalətinə çevirməklə hədələyir. Beynəlxalq ictimaiyyət vəziyyətin ağırlığını anlamalı və Ermənistanın öz müqəddəratını təyinetmə hüququnu və tarixi həqiqəti dəstəkləməlidir. Azərbaycan təzyiqlərini davam etdirdikcə, Ermənistan milli mübarizəsinin kritik mərhələsi ilə üz-üzədir və buna uyğun plan hazırlamaq üçün xarici təhdidlərin ciddi qiymətləndirilməsi tələb olunur”.

Elbəyi Həsənli,

Sitat.info



Xəbər xətti