Delimitasiya prosesində mühüm irəliləyiş: Putinin səfərindən sonra Bakı ilə İrəvan arasında nə baş verir?

17:31 1 Sentyabr 2024

"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatında qeyd edilib. Məlumata görə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

"Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar", - məlumatda vurğulanıb.

Məsələ ilə bağlı Sitat.info-ya danışan politoloq Kənan Novruzov bildirib ki, bu, İkinci Qarabağ müharibəsindən sonra tərəflər arasında imzalanan nadir sənədlərdəndir: "Sözügedən Əsasnamə Bakı və İrəvan arasında ikitərəfli təmasların nəticəsi olmaqla yanaşı, həm də bu formatın səmərəliliyini sübut edir. Deməli, Azərbaycan və Ermənistan arasında ikitərəfli təmasların bundan sonra da davam etdirilməsində fayda var".

K.Novruzov hesab edir ki, əldə olunan razılaşma tərəflər arasında münasibətlərin normallaşması baxımından mühüm irəliləyişdir: "Bu, perspektivdə sülh sazişinin imzalanmasına da təsir edə bilər. Hərçənd əvvəl də dediyimiz kimi, sülh sazişinin imzalanması üçün rəsmi İrəvan hələ ki, lazımi siyasi iradə nümayiş etdirə bilmir. Bunun əsas səbəbi isə Ermənistanın xeyli dərəcə üçüncü tərəflərin, o cümlədən ABŞ və Fransanın təsiri altında olmasıdır".

Politoloq hesab edir ki, sözügedən Əsasnamə əslində həm də vasitəçilik iddiasında olan üçüncü tərəflərə mesajdır: "Bu o deməkdir ki, riyakar cəhdlər mənasızdır. Və həm Bakı, həm də İrəvan üçün ən optimal variant məhz ikitərəfli təmasları davam etdirməkdir. Düşünmək olar ki, prosesin davamı gələcək. Onu deyək ki, bu hadisənin Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığından sonraya təsadüf etməsi göstərir ki, Moskva proseslərin birbaşa iştirakçısıdır".

Nigar,

Sitat.info



Xəbər xətti